YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamana qarşı yarış: hər ümidsizliyin ardında neçə ümidlər var

Araz Xudadanov

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri

Tarix 06.02.2023-cü il. Saat 04:17. Türkiyə Kahramanmaraş mərkəz olmaqla iki böyük zəlzələylə sarsıldı. Birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə olan zəlzələ 15 milyona yaxın əhalinin yaşadığı 10 vilayəti əhatə edir. Bu zəlzələ nəinki Türkiyəni, həmçinin Azərbaycanı və bütün türk dünyasını yasa boğdu. Bu hadisə 1939-cu ildən bəri Türkiyədə qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşdü. Dəhşətli təbii fəlakətdən sonra elə bir mənzərə yarandı ki, gözlər kor olmaq istəyir, elə bir ağrı yaranıb ki, insan daş olmaq istəyir, elə bir hüzn var ki, ürək yox olmaq istəyir. Ölümlə savaşan körpələr, uşaqlar, analar, atalar, ailələr, dağılıb gedən xəyallar, həyatlar... Lakin zamana qarşı yarışın davam etdiyi bölgələrdən ümidləndirən xəbərlərdə də gəlir. Hər ümidsizliyin ardında neçə ümidlər var, hər qaranlığın ardında neçə günəşlər var.

Rəsmi məlumatlara görə, indiyədək 36 mindən artıq insan həyatını itirib, 100 mindən artıq insan isə yaralanıb. Xüsusilə Hatay, Kahramanmaraş və Adıyaman vilayətləri viran qaldı. Qaziantep vilayətinin bəzi rayonlarına ciddi ziyan dəydi. Bundan əlavə, bir çox rayon, qəsəbə və kəndlər zəlzələlərin təsirindən silkələndi və ya dağıldı. Ekspertlərin açıqlamalarına görə, Türkiyənin coğrafiyası 3 metr cənub-qərbə doğru dəyişib. Bu iki zəlzələ təkcə Türkiyədə deyil, dünyada quruda baş verən ən böyük yerüstü zəlzələlərdən biri, bəzilərinə görə isə birincidir. Fəlakətin baş verməsindən dərhal sonra Türkiyə tarixində ilk dəfə təbii fəlakətin baş verməsi ilə bağlı ən yüksək səviyyədə olan 4-cü səviyyədə fövqəladə vəziyyət elan edilmişdir. Eynilə, Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyətin ən yüksək səviyyəsi olan 3-cü səviyyədə fövqəladə vəziyyət elan etdi. Digər tərəfdən, Türkiyə müstəqillik tarixində ilk dəfə təbii fəlakətdən sonra fövqəladə vəziyyət elan etdi.  Yardım çağırışına dünyanın demək olar ki, hər qitəsindən və bölgəsindən Türkiyəyə müsbət cavablar gəlməyə başladı. Gözlənildiyi kimi, ilk və ən təsirli reaksiyalar qardaş ölkə Azərbaycandan gəldi. Daha sonra Özbəkistan kimi digər türk dövlətlərindən, Türkiyənin sıx əməkdaşlıq etdiyi Pakistan, Qətər kimi müsəlman dövlətlərindən də yardım xəbərləri gəlməyə başladı. Bu yardımların bir qismini dərhal göndərildi.

Türkiyə və Azərbaycan arasında tarix boyu sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. 2020-ci ildə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda ədalətli Vətən müharibəsinə başladığı ilk saatlarda Türkiyə öz qəti mövqeyini bildirdi və Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün sonra Türkiyə və Azərbaycan ölkəmizin tarixi Qələbəsini birgə qeyd etdilər. Xalqlarımız sevinclərini paylaşdılar. Bu gün isə Azərbaycan türkiyəli qardaşlarının kədərini paylaşır. Ulu öndər Heydər Əliyev deyirdi: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”. Böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq hər zaman Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuş, bir – birinə dəstək olmuşlar.

Bu günlərdə Türkiyə çətin sınaqdan keçir. Lakin bu təbii fəlakətin ağır fəsadları təkcə Türkiyəni deyil, bütün türk dünyasını, dünyanı səfərbər etdi. Tarix boyu Azərbaycan və Türkiyə bir-birinin ən çətin və ən xoş günlərində bir olub, birlik, həmrəylik nümayiş ediblər. Tarixdə belə misallar, nümunələr çoxdur. Təbiətin yaratdığı təbii fəlakət Türkiyə ilə yanaşı, Azərbaycanı da sarsıtdı, kədərləndirdi. Qardaş Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ böyük insan tələfatı və dağıntılara səbəb olub. Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniyə, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya ve Hatayda olan hadisə son minillikdə baş verən ən dəhşətli təbii fəlakətlərdən biridir. Bu dəhşətli zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Ümumilikdə faciə baş verdiyi saatdan bu günə qədər Azərbaycan Türkiyəyə 867 nəfərlik şəxsi heyət, 3018 dəst çadır, 2 səhra hospitalı, 12 təyyarə və 262 tır humanitar yardım göndərib.

Azərbaycan xalqı bütün duyğu-düşüncəsi, gücü-imkanı ilə Türkiyədəki zəlzələnin nəticələrini aradan qaldırmağa səfərbər olub. Prezident İlham Əliyevin dediyi kimi, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Xalqımız mərhəmət, humanizmin zəlzələdən güclü olduğunu göstərmək üçün neçə gündür ki, hamılıqla əlindən gələn köməyi əsirgəmir, zəlzələnin ağrıları az da olsa azalsın, insanlar xilas edilsin deyə bacardıqları qədər öz köməklərini göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu dəhşətli zəlzələ bizi çox sarsıdır, hər birimizə böyük qəlb ağrısı yaşadır. Elə bu ağrının hökmü ilə qardaş ölkəyə ilk yardım Azərbaycandan yola salınıb. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı ünvanlayıb. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Həmin gün ölkəmizin rəhbəri Türkiyənin dövlət başçısına telefonla da zəng edərək, zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək olacağını bildirib. Fevralın 7-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək çoxsaylı insanın həlak olması ilə əlaqədar başsağlığı verərkən xalqımızın ümumi kədərini dərin hüznlə ifadə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da zəlzələ ilə bağlı elə anındaca Türkiyəyə başsağlığı verib. Onun müvafiq tapşırığına uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə müxtəlif dərman preparatları, oksigen maskalar, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıq, isti geyim və çadır dəstləri göndərilmişdir.

Başımız sağ olsun. Biz Azərbaycanı Türkiyədən ayırmırıq. Biz qardaşıqsa, bu faciə elə bizim də başımıza gəlib deməkdir. Allah ölənlərə rəhmət etsin, yaralılara  şəfa versin!