YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq salnaməsi

Yevlax rayonunun Gülövşə kəndində şəhidlərin xatirəsinə abidə ucaldılıb.

Abidənin açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, şəhidlərin ailə üzvləri, yaxınları, müharibə iştirakçıları, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında şəhid və qazilərimizin, igid vətən oğullarının şücaətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi. Şəhid ailələrinin, qazilərin problemlərinin daim diqqət mərkəzində olduğu, son illərdə bu istiqamətdə mühüm addımların atıldığı diqqətə çatdırılıb.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bir daha dünyaya qüdrətini sübut edərək, şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi.

Milli Məclisin deputatı İlham Məmmədov vurğulayıb ki, Ümummilli Liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşmış, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək hər birimizin başını uca etdilər. Azərbaycan igidlərinin əbədi və silinməz tarix yazdığı, bu qəhrəmanlıq salnaməsinin gənclərimiz üçün əsl örnək və nümunə olduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində rayonda fəaliyyət göstərən mədəniyyət işçilərinin və Gülövşə kənd tam orta məktəbinin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.