YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixdə ilk dəfə idi...

Hər ilin fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün bir sıra mühüm məqamlarla yadda qalır. 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  dövlət başçısı İlham Əliyevin  keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavabları, həmçinin həm xarici, həm də yerli mətbuata  müsahibələri  postmünaqişə dövrü ilə yanaşı, 30 illik  işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Konfransın plenar iclasının mövzusu özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev 30 illik işğal və postmünaqişə dövründə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə bir daha tədbir iştirakçılarına geniş məlumat verdi.   "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusu region dövlətlərinin bu sahədə təqdim etdikləri konsepsiyaya yenidən baxmağa, yeni əməkdaşlıq formatının yaradılmasına bir çağırış etdi. Tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə  Azərbaycanın, Ermənistanın və Gürcüstanın   rəhbərləri  eyni zamanda, bir platformada görüşürdülər.  Dövlət başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan  hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Artıq dəfn edilmiş Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmətlə yanaşmasını gözləyirdik. Lakin  heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Azərbaycan onun dondurulmadığını sübut etdi.  Ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi bu gün tamamilə əsassız olaraq işğalda günahlandırırlar. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistanın kapitulyasiyası aktıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə Münxen Təhlükəsizlik  Konfransının builki görüşünün əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq-aşkar sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğuna şübhə dolu yanaşmalar  ortaya qoyan  Ermənistan rəhbəri Azərbaycanın siyasətinin guya qisas olduğunu bildirməklə özlərinin işğalçılıq siyasətlərindən, 30 il torpaqlarımızı işğal altında saxlamalarından yayındırmağa çalışdı. Belə qeyri-ciddi yanaşmaların  heç bir əsası yoxdur.  Dövlət başçısı İlham Əliyev həm plenar iclasda, həm də mətbuata müsahibələrində  bu fikri xüsusi qeyd etdi ki,  sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Həmin sənəddə Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.  Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya birliyi bir daha Prezident İlham Əliyevin bəyanatları, çağırışları fonunda  Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunun şahidinə çevrildi. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə  Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhsevər mövqeyini ortaya qoydu. Azərbaycan hər zaman münaqişəli məsələlərin  beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırışlar edir.

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə  beynəlxalq hüququn  5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi.  Dövlət başçısı İlham Əliyev  danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən  Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki,  Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Bu, məsələnin müzakirəsinə maraqdan irəli gəlir. Belə bir  əminlik ifadə edildi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa,  yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, ədavət dövrünün arxada qalmasına  nail olmaq mümkün olacaq. Prezident İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olacaqlar, onların təhlükəsizliyi də tam təmin ediləcək.

Vüqar Rəhimzadə bildirib ki,  Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda  iqtisadi, siyasi, diplomatik  üstünlüklərinin açıq-aydın ifadəsi idi. Dövlət başçısı İlham Əliyevin Münxen Konfransı çərçivəsində keçirilən  “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı da Azərbaycan liderinin beynəlxalq nüfuzunun nümayişi oldu. Azərbaycan yeni mənbənin sahibi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi bütün dünyada böyük hörmətə malikdir. Reallıq budur ki,  enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.