YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngin və şərəfli inkişaf yolu

YAP Yasamal rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Yeni Azərəbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bayram Aslanov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən Şahlar Əsgərov, müdafiə sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal Rayon İcra Hakimiyyətinin və rayon təşkilatının məsul əməkdaşları, şəhid ailələri üzvləri, Yasamal Rayonu üzrə ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, fəal gənclər iştirak ediblər.

Tədbirdən öncə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ümummilli lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasındakı büstü ziyarət olunub.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında təşkilatın 30 illik fəaliyyətinə həsr olunan kitab və rəsm sərgilərinə baxış keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev rayon təşkilatının 30 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, YAP Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olub.

YAP-ın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən B.Nəbiyev qeyd edib ki, bu gün Prezident, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır.

Sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Baçısı Elşad Həsənova bildirib ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edib. YAP Yasamal rayon təşkilatı da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib”.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, YAP xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: “Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm gələcəyə doğru daha inamla irəliləyəcək.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 800 minə yaxın üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov bildirib ki, partiyanın keçdiyi 30 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu istiqamətdə əldə olunan nəaliyyətlərdə YAP Yasamal rayon təşkilatının da özünəməxsus yeri var. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Azərbaycan Milli Konservatoriyasının təqdimatında bədii hissə ilə yekun vurulub.