YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Proseslər yeni yanaşmalar tələb edir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Azərbaycanın tarixi həqiqətlərini, artıq tarixə qovuşmuş münaqişənin əsl mahiyyətini, 30 illik işğal dövrünün reallıqlarını faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı İlham Əliyev “O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi” söylədi.

Təbii ki, belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Azərbaycan dövləti isə ən yüksək tribunalardan bəyan edirdi ki, xalqımız işğalla heç zaman barışmayacaq.  Torpaqlarımız tezliklə işğaldan azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar.

Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad etmək üçün hazırlaşdı.  Diplomatik mübarizədə üstünlüyümüz, Azərbaycan Ordusunun gücü, qüdrəti  yeganə məsələmiz olan Qarabağ münaqişəsinin həllinə gedən yolu günbəgün yaxınlaşdırdı. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan etdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir. Arxada qalan illər ərzində bütün səylərimizi səfərbər etdik. Dövlət başçısı İlham Əliyevin gənclərə çağırışları sırasında milli ruhda tərbiyə olunması xüsusi yer tutdu. Cənab İlham Əliyev  Münxen Təhlükəsizlik Konfransında qeyd etdiyi kimi, yeni nəsil böyüdürdük: “Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi.”

Dövlət başçısı İlham Əliyev Ermənistanın işğalçı müharibə apardığını faktlar əsasında tədbir işirakçılarına çatdırdı. Onu da qeyd etməliyik ki, Konfransda 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunmuşdu.  Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirdilər. Bu sayda iştirakçı bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarını cənab İlham Əlievin çıxışında maraqla dinləyərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasının nə qədər vacib olduğunu təsdiqlədilər. Artıq dünya yalanı deyil, həqiqəti eşitmək istəyir. Ermənistan 30 il bu yalanlarla yaşadı və özündə belə bir ümid yaratdı ki, torpaqları geri verməyəcək, vəziyyət sonadək bu şəkildə davam edəcək.  Haqq-ədalət varsa, bu yalanlar ötəri xarakter daşıyır.

Azərbaycan bu gün dünyaya yeni reallıqları qəbul etdirməklə beynəlxalq hüququn  yanında olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev plenar iclasdan sonra Azərbaycan televiziyalarına müsahibəsində bu reallığı qeyd etdi ki, müzakirələr  bəzilərinin bu reallıqlarla barışmaq istəmədiyini göstərdi. Amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir.