YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

“Heydər Əliyev ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının, Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Qazax Şəhidlər xiyabanı və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü işlər aparılır.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda geniş məruzə ilə çıxış edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq Xocalı soyqırımı qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanını yerdə qoymadı.

Tədbirdə BDU-nun Qazax filialının direktor müavini Məmməd Yusifov, Qarapapaq kənd ərazi partiya təşkilatının sədri Şəhla Bayramova, partiya veteranı Fərhad Qocamanov da mövzu ətrafında çıxış ediblər.

Sonda Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təqdimatında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.