YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Bu gün Azərbaycanın səmimi münasibətləri, yaxşı tarixi əlaqələri olan ölkələrdən biri də Tacikistandır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprel ayının 5-də Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvətilə bu ölkəyə etdiyi dövlət səfəri mövcud əlaqələrin həm də daha yaxşı gələcəyi olacağını deməyə əsas verir. Hazırda Azərbaycan və Tacikistan həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Bütün bu perspektivlər Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı ətraflı müzakirə olunub, əməkdaşlığı gələcək inkişafı məqsədilə atılacaq addımların əsas istiqamətləri müəyyən edilib, tərəflər arasında mühüm sənədlər imzalanıb. Bütün bunlar barədə Azərbaycan və Tacikistan prezidentləri aprelin 5-də Düşənbədə mətbuata bəyanatla etdikləri çıxışlarında detallı açıqlamalar vermişlər.

Qeyd edək ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurduqlarını və bu gün qardaş xalqların rifahına xidmət edən sanballı nəticələr əldə edə bildiklərini vurğulayan Tacikistan Prezidenti buna bir çox cəhətdən əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələrin şərait yaratdığını vurğuladı. Həmçinin Prezident Rəhmon özünün dostu və böyük yoldaşı adlandırdığı Heydər Əliyevin 100 illiyinin gələn ay Tacikistanda da qeyd ediləcəyini bəyan etdi. Əlbəttə ki, bu, hər bir azərbaycanlının qürur duyacağı bir haldır və xalqlarımız arasında həqiqətən də səmimi dostluq əlaqələrinin olduğunun daha bir sübutudur.

Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həmin dövrdə Tacikistanda  Prezident Rəhmon, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Məhz müdrik rəhbərlərin gərgin fəaliyyətlərinin, ciddi səylərinin və fədakarlıqlarının nəticəsidir ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün istər ölkələrimizin mövcud olduqları regionlarda, istərsə də bütövlükdə dünyada münqişə ocaqlarını, qeyri-stabilliyin hökm sürdüyü ölkələri görəndə hər kəs anlayır ki, məhz sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Bu gün həm Azərbaycan, həm də Tacikistan öz xalqlarının milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrdir və bu ölkələrin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Daha sonra dövlətimizin başçısı aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirdi. Qeyd olundu ki, Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Həmçinin Prezident İlham Əliyev Azərbaycanın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu qeyd etdi və bildirdi ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Danışıqlar əsnasında hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Bu toplantıya qədər isə dövlət başçılarının məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdikləri bütün tapşırıqlar yerinə yetiriləcək.

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin bundan sonra daha yüksək intensivliklə inkişaf edəcəyini isbatlayan mühüm faktlardan biri də dövlət səfəri çərçivəsində imzalanmış sənədlərdir. Belə ki, ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” və digər mühüm sənədlər qarşılıqlı əməkdaşlıq əlaqələrinin əksər sahələri əhatə edəcəyini deməyə əsas verir.