YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Ölkəmizin Avropa Şurasına sədrliyi dövründə Avropada daha böyük vəhdətə nail olmaq yolunda mühüm addımlar atılacaq

«Azərbaycan Avropa Şurasına üzv olduğu 14 ilə yaxın dövr ərzində ilk dəfədir ki, Avropa Şurasına sədrlik edir. Əminəm ki, ölkəmizin təşkilata altı aylıq sədrliyi dövründə Avropada daha böyük vəhdətə nail olmaq yolunda mühüm addımlar atılacaq. Azərbaycan təşkilata sədrliyi dövründə Avropa Şurasında islahat prosesini də dəstəkləyəcək. Digər beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı, ATƏT və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetiriləcək». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Azərbaycan Respublikası Avropa dəyərlərinə və ideallarına sadiqliyini real addımları ilə nümayiş etdirir. Biz demokratik dəyişikliklər yolu ilə qətiyyətlə irəliləyirik. Hüquqi dövlət quruculuğu, cəmiyyət həyatının  müxtəlif sahələrində zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görülür. Onun sözlərinə görə, Azərbaycan Respublikası Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl həyata keçirmişdir. Ölkəmizin Avropa hüquq normalarına və standartlarına uyğun gələn qanunvericilik bazası formalaşdırılmışdır.

«Əlbəttə, biz bu işləri həyata keçirərkən Avropa Şurasının və onun  Parlament Assambleyasının daimi diqqətini və köməyini hiss edirik. Ölkəmizdə demokratik təsisatların inkişafında, demokratik proseslərin genişləndirilməsində bu qurumlar müstəsna rol oynayır. Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın ağrılı problemi olan Ermənistanın təcavüzü, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin  ağır vəziyyəti ilə bağlı məsələlərə xüsusi diqqət yetirmişdir. Təşkilatın müvafiq sənədlərində işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad olunmuş və yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.

Bütün bu məsələlərin həllinin uzadılmasının nə qədər təhlükəli olduğunu son vaxtlar Avropanın geosiyasi xəritəsini dəyişdirmək üçün göstərilən cəhdlərin güclənməsi, bunun vasitəsi kimi seçilmiş separatizm hallarının vüsət alması bir daha sübut edir. Uzun illər ərzində formalaşmış beynəlxalq hüquq qaydasının, Avropa təhlükəsizlik sisteminin sabitliyi çətin sınaqlara məruz qalır. Bu gün Avropanın gələcək taleyi həll edilir, özü də Brüsseldə deyil, Avropa Şurasına yeni qoşulmuş ölkələrdə. Bu ölkələrin bir çoxunun qarşılaşdığı problemlər sistemli xarakter daşıyır və sistemli münasibət tələb edir»- deyə, spiker vurğulayıb.