YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Cəbrayıl rayon təşkilatı aprelin 27-də “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir keçirib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər Abidə Kompleksi ziyarət olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.  

Biləsuvar rayonunda Cəbrayıl rayon sakinlərinin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbənin klubunda baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi respublikamızda və ölkə xaricində təntənəli şəkildə qeyd edilir: “Ulu Öndərin ölkəyə rəhbərlik dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyev unikal bir şəxsiyyət idi. O, Azərbaycan dövlətini və xalqını sevməyin əsl nümunəsini göstərən ən böyük azərbaycanlı idi. Ümummilli Liderin siyasi rəhbərlik və dövlət idarəçiliyi nümunəsi nəinki həmin dövrün insanları, hətta gələcək nəsillər üçün örnəkdir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin möhtəşəm uğurlara imza atdığını söyləyib.

Digər çıxış edənlər vurğulayıblar ki, bugünkü tarixi nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır. Bildirilib ki, Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri diplom, fəxri fərman və təşəkkürnamə ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.