YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi inkişaf yolu

“Hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə milli ideologiya ilə sıx şəkildə bağlıdır. Yəni milli ideologiya qlobal səciyyə daşımaqla hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir və cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir. Digər tərəfdən, hər bir insan üçün “Vətən” anlayışı onun daxili “mən”i ilə tamamlanan, düşüncə və hislərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, milli özünüdərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklərin fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycan Respublikasını özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Ümumiyyətlə, müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal

ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq məfkurəsi milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır.

Millət vəkilinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ən üstün keyfiyyətlərindən biri zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır. Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Ulu Öndər Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Ulu Öndər məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib. Ötən əsrin əvvəllərində qısa müddət yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının əsaslandığı ideyalar sistemi əslində daha dərin tarixi köklərə, daha böyük hədəflərə sahibdir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyasının cəlbediciliyini şərtləndirən əsas amillərdən biri tarixlə müasirliyin vəhdətini ifadə edən məfkurə kimi qavranılmasıdır. Bu mənada azərbaycançılıq müstəqil Azərbaycanda yeni nəslin üzərinə böyük vəzifələr qoyur. Əlbəttə ki, müstəqil bir dövlətin vətəndaşı kimi doğulmağın insana nə qədər əlavə üstünlüklər qazandırdığına dair onlarla arqument sadalamaq olar. Bu, müstəqil düşünməyi bacarmaq, öz milli dəyərləri, tarixi, ədəbiyyatı haqqında daha geniş məlumata, dünyada mənsub olduğu xalqın yeri, qlobal proseslərdə vətəndaşı olduğu dövlətin rolu barədə ətraflı təsəvvürlərə malik olmaq deməkdir. Bu, həm də milli qürur məsələsidir, çünki tarix çox az xalqa öz dövlətini qurmaq şansı tanıyıb. Lakin qeyd etdiyimiz kimi, bu, eyni zamanda, daha böyük hədəflər uğrunda yaşamaq məsuliyyəti doğurur. Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tairixi və müsir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin də rolu önəmlidir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridirlər.

“Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur. Azərbaycan dövləti indi tamamilə fərqli bir inkişaf mərhələsindədir. Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi gənclərin üzərinə daha çox düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Ulu Öndərimizin dediyi “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır” fikir hər bir azərbaycanlının həyat amalı olmalıdır. Çünki ilk növbədə milli mənəvi dəyərləri, azərbaycançılıq məfkurəsini öndə tutmaqla gələcək uğurlarımızı əldə edə bilərik”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.