YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlar unudulmur

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan xalqı dünyanın ən güclü, vətənpərvər və cəsur xalqları içərisindədir. İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar.

Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”Faşizm üzərində qələbə günü ərəfəsində əfsanəvi Həzi Aslanovla yanaşı, bir əbədi şöhrət qazanmış Sovet İttifaqı Qəhrəmanı, tank batalyonu komandiri Xəlil Məmmədovu, cəbhədə, əslində, ölümə məhkum adamlardan ibarət cəza rotasına başçılıq edən və təbiətən cəsur insan olan Ziya Bünyadovu, öz məharəti ilə hamını heyran edən Məlik Məhərrəmovu xatırlayırıq... Tərəddüd etmədən silaha sarılan qəhrəman qızlarımızın – təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayper Ziba Qəniyevanın və bir çox başqalarının da adlarını böyük ehtiramla çəkirik. Nəhayət, bu Qələbə günü hər birimiz müharibədən qayıtmayan doğmalarımız, yaxınlarımız, dostlarımız haqqında ürək ağrısı ilə düşünür, uşaqlarımıza, nəvələrimizə və hətta nəticələrimizə onlar barədə böyük fəxrlə danışır, gələcək nəslə qəhrəman əcdadlarının uğrunda həyatını əsirgəmədikləri doğma torpağa böyük məhəbbət hissi aşılamağa çalışırıq.

Başqa dövlətin və ya dövlətlərin öz ölkəsindən kənarda torpaq axtarması, bu yolda qanunsuz soyqırımı aktları törətməsi insanlığa və haqq-ədalətə zidd olan əməllərdir. Ancaq nə olursa olsun  haqq-ədalət əvvəl-axır yerinə tapır. Dünya hökmranlığı iddiasında olan faşizmlə müharibədə də belə oldu. Özgə torpaqlarını ələ keçirənləri də belə aqibət gözləyir. Cəsur və qəhraman babalarımız bizə ədalətli mübarizəmizdə qətiyyətli və ardıcıl olmağı, torpağımızı sevməyi və onun qədrini bilməyi, xalqımızın xoşbəxtliyi naminə Vətənimizin müstəqilliyini qorumağı və möhkəmləndirməyi vəsiyyət etmişlər. Məhz Ulu Öndərimiz Heydər Əliyev bir gün doğma torpaqlarımızı azad edəcəyimizi əminliklə qeyd edib, möhtərəm Prezidentimizə və xalqımıza çox inandığını söyləmişdir. 44 günlük Vətən müharibəsində də faşizm üzərində qələbə qazanan qəhraman babalarımızın qəhrəman nəvələri Dəmir Yumruq olub düşmənin-erməni təcavüzkarlarının başını əzdi. Müzəffər Ali Baş Komandan, Zəfər Sərkərdəmiz İlham Əliyevin peşəkar rəhbərliyi, qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti hesabına torpaqlarımız düşməndən azad edildi. Bir daha Azərbaycan xalqı olaraq bütün dünyaya sübut etdik ki, tarixi dövrlərdən asılı olmayaraq, biz heç zaman düşməndən qorxmayan, hər zaman müzəffər, cəsarətli və güclü olan müzəffər xalqın müzəffər nümayəndəsiyik.