YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unudulmaz tarix

Anar Məmmədov

Milli Məclisin deputatı

Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürdük. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyirdi. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərslərindən biridir.

Amma təəssüf ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu öndər faşizm üzərindəki qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.

Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi.

Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”. Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.