YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda şəhid Milli Qəhrəman İlqar Mirzəyevin 50 illik yubileyi qeyd edilib

Mayın 8-də Xətai rayonunda  Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi.

Əvvəlcə  Xətai Rayon İcra Hakimiyyətinin başçısı  Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları İkinci Fəxri xiyabanda  polkovnik İlqar Mirzəyevin  məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri qoydular.

Hərbi orkestrin ifasında  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü  və xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev polkovnik  İlqar Mirzəyevin şərəfli həyat yolundan , onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan  söz açdı. Bildirdi ki, hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq Vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də qəhrəmanlıq simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan İlqar Mirzəyevdir.

Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun komandir müavini, general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olublar.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış, Azərbaycan gəncliyinə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı Azərbaycan tarixinə əbədi yazılan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik  İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd etdi ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Həmin döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğalçılardan təmizlədi. Düşmənə sarsıdıcı zərbə vuran Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq Qələbə qazandılar, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana çevrilib. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar.

Vüqar Rəhimzadə İlqar Mirzəyevdən danışarkən onu da xüsusilə qeyd etdi ki, o, bir döyüşçü kimi Azərbaycan artilleriya tarixində danılmaz şücaətlər göstərib.  Məhz buna görə Aprel döyüşlərindən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” təxəllüsünü vermişdilər.  Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin müqəddəs borcumuzdur.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən  polkovnik Elşad Əbilov  vurğuladı  ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimiz bütün dünyaya səs saldı. Bu şanlı Qələbənin carçıları olan müzəffər Ordumuza etimadın yüksəldiyi Aprel, Günnüt və Tovuz əməliyyatlarını unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib haqq savaşına qalxdı. Qüdrətli Sərkərdənin "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu. Tovuz döyüşlərindən təxminən iki ay sonra başlayan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdir.

Daha sonra tədbirdə şəhid İlqar Mirzəyevin ailə üzvləri çıxış edərək Milli Qəhrəmanla bağlı xatirələrini bölüşdülər, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Daha sonra  tədbir iştirakçıları Xətai rayonunda Milli Qəhrəman İlqar  Mirzəyev adına  98 nömrəli məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin   doğum gününə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında  50 ədəd şam ağacı əkdilər.

İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Milli Qəhrəmana, Vətənə  həsr olunmuş  şeirlər  səsləndi, ədəbi-bədii kompozisiya nümayiş  olundu.

Şəhid Milli Qəhrəmanın anası Gülnar Mirzəyeva  oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirdi.

Tədbir “Qurban olum, Azərbaycan” mahnısının sədaları altında  sona çatdı.