YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliyanın “Hoje em dia” qəzeti: “Bakı, Azərbaycanda idmanın və mədəniyyətin qovuşduğu məkan”

Braziliyanın aparıcı mətbu orqanlarından olan “Hoje em dia” qəzetində jurnalist İqor Patrik Silvanın “Bakı, Azərbaycanda idmanın və mədəniyyətin qovuşduğu məkan” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi ilk növbədə Azərbaycan haqqında məlumat verərək ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayır. O, Azərbaycanın özünəməxsus milli və dini müxtəlifliyi ilə seçilərək Asiya və Avropa arasında körpü rolu oynadığını bildirir.

İqor Patrik Silva iyunun 12-dən Bakıda birinci Avropa Oyunlarının keçirildiyi barədə məlumat verir. O, Bakının əvvəllər “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdiyini də xatırladır. Həmçinin Azərbaycanın 2016-cı ildə “Formula 1” yarışları və Şahmat üzrə Dünya Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi mötəbər beynəlxalq tədbirləri keçirməyə hazırlaşdığını qeyd edir.

Müəllif Braziliyada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” adlı inşa müsabiqəsinin qaliblərindən biri kimi ölkəmizə səfər edən Ulises Lisbonun Azərbaycan haqqında təəssüratlarını oxucularla bölüşür.

Məqalədə Bakının zəngin mədəniyyəti və müasir memarlığı haqqında bəhs edilərkən bir tərəfdə qədim tarixi özündə əks etdirən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, digər tərəfdə isə ölkənin müasirliyini və inkişafını xarakterizə edən Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, “Alov qüllələri” və şəhərin digər müasir memarlıq nümunələri haqqında oxuculara məlumat verilir. Sonra Bakı metrosu haqqında söhbət açılaraq stansiyalardakı dekorasiyaların zənginliyi diqqətə çatdırılır.

Xarici turistlərin cəlb edilməsi üçün Azərbaycan hökuməti tərəfindən turizm sahəsinə sərmayələrin yatırıldığını vurğulayan müəllif “Ağ şəhər” layihəsi haqqında da məlumat verir.

İ.P.Silva Azərbaycanın Braziliyadakı səfirliyinin konsulu İntiqam Hüseynova istinadla ölkəmizin xarici turistlər üçün çox təhlükəsiz olduğunu vurğulayır, eyni zamanda, Azərbaycanda multikultural və müasir cəmiyyətin mövcud olduğunu diqqətə çatdırır.

Məqalədə, həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir, ölkəmizin zəbt olunmuş ərazilərinə səfər etməməklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığı diqqətə çatdırılır.

Sonda müəllif braziliyalı turistlərin Azərbaycana səyahət etmələri üçün bir sıra məlumatlar verir.