YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun geostrateji arxitekturası yenidən dizayn olunur

“Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirməklə yanaşı, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin də qətiyyətlə yerinə yetiriləcəyini göstərən mənəvi-siyasi simvol mənasını özündə ehtiva edir. 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, növbəti il isə Şuşa Bəyannaməsini imzalayan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa qadirdir. Şuşa Bəyannaməsindən irəli gələn müttəfiqliyin təsir gücü isə hansısa geosiyasi dairələrin iradəsindən, yaxud regional təhlükəsizlik təşkilatlarının fəaliyyətindən üstündür. Bugünlər bizlər bu tarixi sənədin imzalanmasının ikinci ildönümünü böyük qürurla qeyd edirik”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq kəsb edir. Digər tərəfdən, Bəyannamə Ermənistana və onun havadarlarına ciddi mesajdır: Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi şəraitində ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq birliyin diqqətinə çatdırır.

P.Kərimzadə qeyd edib ki, Qars müqaviləsindən yüz il sonra – 15 iyun 2021-ci ildə iki qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi  və hərbi-strateji əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

“Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, müstəqillik tariximizin  ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur. Sənədin imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”. Beləliklə, Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığının parlaq nümunəsidir”,-deyə Pərvin Kərimzadə vurğulayıb.