YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın və dövlətimizin taleyində dönüş anı

15 İyun – Milli Qurtuluş günü - xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gün. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasi və dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və öz dövlətini düşünüb bütün sınaqlardan uğurla çıxarmış və Azərbaycanın tərəqqisini, müstəqillini təmin etmişdir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarla qarşı-qarşıya qaldığı bir vaxtda xalqın təkidi və istəyi ilə iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, bütün məsuliyyəti öz üzərinə götürərərək  xalqın müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirdi.

Azərbaycanın sözün əsl mənasında müstəqilliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra məhz -15 İyun - Milli Qurtuluş Günündən başlayır. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqının öz liderinə sonsuz etimadı və dəstəyi olmuşdur. Ulu Öndər məhz bu sevgiyə, dəstəyə arxalanaraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll etmişdir.

Ümummilli liderin yorulmaz fəaliyyətləri nəticəsində Azərbaycanın dünyada nüfuzu və mövqeyi güclənmiş, ölkəmiz beynəlxalq təşkilatlarda böyük uğurlar əldə etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, bu gün ölkə başçısı İlham Əliyev xalqımızın milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Ulu Öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir.

Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq heç şübhəsiz Prezident İlham Əliyevin gərgin əməyi və səmərəli fəaliyyəti sayəsində mümkün olur. Çünki böyük sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və onun uzaqgörən, güclü siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində, haqq savaşında Azərbaycan Ordusu böyük şücaət göstərərək 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu bizi.

Hər bir azərbaycanlı bu gün bunun haqlı qürurunu yaşayır. Çünki Azərbaycan haqq səsini, öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.

Ulu Öndər Heydər Əliyevin Şuşanın ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Ali Baş Komandan İlham Əliyev nümayiş etdirdiyi böyük siyasət nəticəsində ata vəsiyətini yerinə yetirdi və Şuşanı azad etdi.

Artıq Ulu Öndərin ruhu şaddır bu gün! Çünki canından çox düşündüyü Azərbaycan xalqı uzun illərlə mənfur düşmən tapdağı altında olan və həsrətini çəkdiyi əbədi və əzəli torpaqlarına qovuşdu.

Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri ulu öndər Heydər Əliyevi böyük rəğbət və ihtiramla yad edir.

Aydan Qurbanova