YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müsbətə doğru atılan addım

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yeni komando hərbi hissəsinə Döyüş bayrağını təqdim etdi. Qeyd edək ki, Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılmasına Vətən müharibəsindən sonra başlanıb. Bunun səbəbi odur ki, İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmiş və bir çox hərbi əməliyyatların keçirilməsində onların müstəsna rolu olmuşdur. Bu gün ölkəmizdə artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Ümumiyyətlə müharibədən sonra ordu quruculuğu istiqamətində ölkəmizdə əlavə addımlar atılır və buna böyük ehtiyac var. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Lakin bu gün dünyada geosiyasi vəziyyət getdikcə gərginləşir. Eyni zamanda bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Dövlət başçımızın yeni komando hərbi hissəsinə Döyüş bayrağını təqdimetmə mərasimindəki çıxışında  vurğuladığı kimi, bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır və buna nail olmaq üçün kompleks tədbirlər görülür. Bu məqsədlə Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır. Həmin kontraktlara əsasən həm yeni pilotsuz uçuş aparatlarının, həm də böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulur. Bununla yanaşı hazırda ölkəmizdə Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Ümumilikdə son iki ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. O cümlədən dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi. Uğurlu iqtisadi siyasət imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir və bu büdcədə iki əsas istiqamət kimi Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın gücləndirilməsi müəyyən edilmişdir.

Ermənistan və onun xarici ölkələrdə olan havadarları güman edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlaya biləcəklər. Lakin Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra da bölgədə gündəliyi müəyyən edən ölkə Azərbaycandır və bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Artıq Minsk qrupunun gündəlikdə olmaması da bunun bir təsdiqidir. Həmçinin bir müddət əvvələ qədər Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələrin bu gün artıq tamamilə fərqli açıqlamalar verməsi də ölkəmizin bütün məsələlərdə aparıcı mövqelərə sahib olduğunu göstərir. İki ay bundan əvvəl Ermənistan-Azərbaycan sərhədində, Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması isə birbaşa Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisidir. Məhz bu siyasi iradənin nəticəsi olaraq Azərbaycan öz şanlı Zəfərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirib.

Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması əlbəttə ki, Azərbaycana da lazımdır. Lakin bu, daha çox Ermənistana lazımdır. Təbii ki, bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır və bu anlaşmada postmüharibə dövrünün yeni geosiyasi reallıqları nəzərə alınmalıdır. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, dövlət başçımızın dediyi kimi, müsbətə doğru atılan bir addımdır. Lakin Ermənistan bunu kağız üzərində də imzalamalıdır. Yalnız belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əlbəttə ki, sülh sazişində Azərbaycanın ədalətli şərtləri nəzərə alınmalıdır. Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir və Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməlidir. Eyni zamanda Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən biridir və mütləq icra olunmalıdır. Cənab Ali Baş Komandan açıq mətnlə bildirdi ki, ermənilər özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.

DİGƏR Xəbərlər Arxiv