YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın demokratik dəyərlərə hörmətsizliyi, beynəlxalq hüququ kobud şəkildə pozması adi hal alıb

Bu gün ölkə və dünya mətbuatının əsas müzakirə mövzularından biri xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı hücuma məruz qalmasıdır.  Hadisə qətiyyətlə pislənilir, Fransa dövlətindən, bu ölkənin hüquq-mühafizə orqanlarından baş vermiş insidentin obyektiv araşdırılması, jurnalistlərə hücum edən şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması tələb edilir. Baş verən hadisə özünü “demokratiyanın beşiyi” kimi təqdim edib, bu və ya digər dövlətlərdə yaşanan kiçik hadisələri lupa ilə izləməyə adətkar olan Fransada demokratiyanın əslində hansı səviyyədə olduğunu, bu ölkədə demokratik dəyərlərə hörmət edilmədiyini, ən əsası mətbuat azadlığının  kobud şəkildə pozulduğunu nümayiş etdirir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, baş vermiş hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə hücumdur. Ümumilikdə son illər Fransada siyasi və sosial problemlər dünyanın diqqətindədir. Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Son günlərin müzakirə mövzularından biri də  Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmənin  qətlə yetirilməsidir. Hadisə irqi, etnik ayrı-seçkilik zəmnində baş verib. Belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub.  Fransa polisinin ona tabe olmaqdan imtina edən yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi fransız cəmiyyətində şok yaradıb. Bu ölkədə dərinləşən iğtişaşlar hökuməti narahat etmir, küçələrə çıxan etirazçıların  polis zorakılığı ilə qarşılaşması bu ölkədə real vəziyyətin aydın mənzərəsini yaradır.  Özbaşınalığı, insan hüquq və azadlıqlarının pozulmasını, həmçinin  mətbuata təzyiqləri adi hal kimi qəbul edən Fransa Prezidenti Emmanuel Makronun başı digər dövlətlərin daxili işinə o qədər  qarışıb ki, ölkəsində yaşananların çözülməsinə vaxt ayırmaq istəmir. Törədilən iğtişaşlar Fransa hökumətinin yürütdüyü yanlış siyasətin nəticəsidir. Fransa hakimiyyətinin ölkəni idarə edə bilməməsi açıq-aşkar təsdiqlənir. Yaşanan durum  xalqın Prezident Makrona və onun administrasiyasına etimadın tam itməsinin göstəricisi kimi dəyərləndirilir. Etirazçıların  Emmanuel Makronun hakimiyyətdən getməsi ilə bağlı qəti tələbi və aksiyaların miqyasının genişlənməsi  vəziyyətin daha da gərginləşməsindən xəbər verir.

Diqqət çəkən mühüm məqamlardan biri Qərb və Avropa institutlarının  susmasıdır. Nə zamanadək beynəlxalq hüquq işləmir, demokratik prinsiplərin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməyib ədalətli yanaşmadan söhbət gedə bilməz.  

Baş redaktor bildirib ki,  Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq insan hüquq və azadlıqlarının pozulmasını, mətbuat azadlığına hücumu qətiyyətlə pisləyir və bir daha  qeyd etmək istərdim ki, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir. Ölkəmizdə demokratik dəyərlərin inkişafı göz önündədir. Azərbaycanda mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. İnsanlara öz fikirlərini azad şəkildə ifadə etmək üçün  bütün imkanlar yaradılıb. Dövrün və zamanın tələbinə uyğun islahatlar digər sahələr kimi mətbuatda da öz əksini tapır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil əməldə təsdiq etdiyini 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunmaqla sübut etdi. Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil. Demokratik prinsipləri hər addımda qoruyan, mətbuat azadlığını yüksək səviyyədə təmin edən Azərbaycan jurnalistlərinin özünü sözdə “demokratiya çarçısı” kimi təqdim edib reallıqda tamamilə fərqli bir mənzərəni yaşayan  Fransada üzləşdiyi zorakılıq dünya güclərini, beynəlxalq təşkilatları  ciddi düşündürməlidir.

Vüqar Rəhimzadə bildirib ki, bugünün əsas çağırışları sırasında yer alan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsində də Fransa Prezidentinin beynəlxalq hüquqa sığmayan bəyanatları bu ölkənin siyasətinin nə qədər yanlış olduğunu təsdiqləyir. Azərbaycan Xarici İşlər Nazirliyi  AzTV əməkdaşlarının Fransada hücuma məruz qalmasına münasibət bildirərək  “Twitter” hesabındakı paylaşımında qeyd edir  ki, jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik. Xarici İşlər Nazirliyi, eyni zamanda,  bu günlərdə  Fransa prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlərinin  qəbuledilməzliyini bildirərək onu da əlavə edir ki, Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.  Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və Qarabağ bölgəsinin ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, beynəlxalq hüquqa və demokraik prinsiplərə hörmətsizlik edən Fransa dövlətlərarası münasibətlərdə əsas amil olan  etimad mühitini hər an sıfra yaxınlaşdırır. Fransa demokratik dəyərləri və beynəlxalq hüququ kobud şəkildə pozan bir ölkə kimi dünyada özünü nüfuzdan salmaqda davam edir.

DİGƏR Xəbərlər Arxiv