YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir

“Bu günlərdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr bir daha dünyaya beynəlxalq hüquq dərsi keçmək iddiasında olan, amma özü bu anlayışın mahiyyətini dərk etməkdən uzaq olan, riyakarlığı dövlət siyasəti səviyyəsinə yüksəldən Birləşmiş Ştatların ölkəmizə qarşı hansı mövqedə dayandığını açıq-aşkar nümayiş etdirdi. ABŞ hökuməti 30 illik işğal dövründə də Qarabağla bağlı keçirdiyi dinləmələrdə ədalət meyarını unudaraq daim Ermənistana dəstək missiyasından irəli gələn bəyanatları ilə diqqətdə olurdu. Bu ölkəni təmsil edən təşkilatların, xüsusilə “Freedom Hause” təşkilatının hesabatlarında Ermənistanın demokratik inkişaf baxımından “azad ölkə”, Azərbaycan isə “qeyri-azad ölkə” kimi təqdim edilməsi azmış kimi, qurum bir qədər də irəli gedərək Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi diqqətə çatdırırdı. ABŞ Dövlət Departamentinin hesabatlarında da rəsmi Vaşinqtonun ikili standartlara əsaslanan siyasətindən irəli gələn əsassız fikirlər öz əksini tapır. ABŞ Konqresinin ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi də bu ölkənin ölkəmizə qarşı yürütdüyü siyasətə aydınlıq gətirir. Bu kimi faktları çox sadalamaq olar. 30 illik işğal dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü, artıq tarixin arxivinə göndərilmiş keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan ədalətli mövqe gözləsə də bunun mümkünsüzlüyünün şahidinə çevrilib".

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, "91-lər"dən olan, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, terrorizm, separatizm beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktını yada salaq. Həmin terror aktına ilk münasibət bildirən dövlətlədən biri Azərbaycan oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin önündə olduğunu önə çəkərək, bunu əməli işdə sübut etməyə hazır olduğunu bəyan etdi. Məhz həmin dövrdə Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının birgə görüşü keçirildi, terrorizmlə mübarizəyə dair Memorandum imzalandı. Hər zaman terror dəstək verən işğalçı Ermənistan isə həmin hadisəyə laqeyd münasibəti ilə diqqət çəksə də, yenə də dünyanın ikili siyasətindən bəhrələndi. ABŞ hökuməti Ermənistana bu yanaşmasına görə hansısa sərt münasibəti göstərmədi, əksinə maddi və mənəvi dəstəyinin miqyasını daha da genişləndirdi. Bu, artıq “ikili standartlar”ın  dünya üçün qəbul olunan bir prinsipə çevrildiyini bir daha nümayiş etdirdi. ABŞ Konqresi müxtəlif adlar altında maddi və mənəvi dəstəyini həm Ermənistana, həm də onun hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma separatçı rejimə də göstərir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin hazırlanmasında bilavasitə iştirak edən və qəbuluna dəstək olan ABŞ və Fransa kimi dövlətlər 30 illik işğal dövründə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını iddia edirdilər. Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görülmədi.  İkili standartlara əsaslanan siyasətlərini işğal faktına münasibətdə seyrçi mövqedə dayanmaqla davam etdirdilər. Tarixdə öz təsdiqini tapmış bu deyimi xatırlatmaq istərdik - bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. İşğalçı, terrorçu ölkəni dəstəkləmək bu siyasəti müdafiə etmək deməkdir. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi. Ərazi bütövlüyünü təmin etməklə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə onların tətbiqi üçün ikili yanaşmanı kənara qoymaq gərəkdir.

V.Rəhimzadə onu da bildirib ki, sözügedən dinləmədən də göründüyü kimi, Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ Azərbaycana qarşı ədalət və beynəlxalq hüquq məfhumlarını unudaraq Ermənistana dəstəyini nümayiş etdirir. Reallıq budur ki, hazırda Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin imzalanmasına mane olmaq, prosesi uzatmaq məqsədilə cəbhə xəttində təxribatlar törətdiyi, həmçinin “humanitar böhran” şousundan istifadə etdiyi zamanlara diqqət yetirsək ABŞ rəsmilərinin dövlət başçısı İlham Əliyevə zənglərinin şahidi olarıq. Ermənistana dəstəklərini yaranmış vəziyyətdən narahatlıq adı altında gizlətməyə çalışan ABŞ rəsmiləri tarixi Zəfərimizdən ötən 3 ilə yaxın dövrdə istəsəydilər işğalçı dövləti sülh müqaviləsinin imzalanmasına məcbur edərdilər. Vaşinqtonda keçirilən son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.

V.Rəhimzadə diqqəti bu günlərdə Qarabağda keçirilmiş qondarma “seçkilər”ə yönəldərək bildirib ki, bu məsələyə  münasibətdə də ABŞ-riyakarlığının şahidi olduq.  Belə ki, aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək məcburiyyətində qaldı. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Görünən budur ki, bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır. Rəsmi Vaşinqtonun bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlük olar.