YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-nin çoxstandartlı siyasəti

Samir Vəliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman beynəlxalq birlik işğalçıya qarşı təsirli addımlar atmadı. Bu prosesdə dünyanın aparıcı dövlətləri xüsusilə susqunluq nümayiş etdiriblər. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞ da Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edib.

Həmin dövrdə ABŞ və digər həmsədrlər təzavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt dəstək nümayiş etdirməyib.

Beynəlxalq səviyyədə ədalətsizliklə üzləşən Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bu tarixi hadisədən sonra rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün vasitəçilik təşəbbüsünü irəli sürdü. Regionda sülh və əməkdaşlığın tərəfdarı olan Azərbaycan bu təşəbbüsü qəbul edib.

Lakin Ermənistan davam etdirdiyi təxribatlarla və razılaşmaları pozmaqla sülhə maraqlı olmadığını nümayiş etdirir. Hazırda Ermənistan və Qarabağ separatçıları Laçın yolu ilə bağlı süni ajiotaj yaratmaqla regionda vəziyyəti gərgin saxlamağa çalışırlar. Qarabağ ermənilərinin guya blokadada saxlanıldığı iddia edilir. Lakin Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Ağdam - Xankəndi yolunun humanitar yardımlar üçün açıq elan edib. Eləcə də, Laçın yolundan ermənilər gediş gəliş üçün istifadə edirlər. Rəsmi Bakının açıqladığı məlumata görə, ABŞ tərəfinin iştirakı ilə bu məsələ ilə bağlı razılaşmanı erməni tərəfi pozub.

ABŞ rəsmiləri bunu bildiyi halda Konqresin xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı dövlət katibinin köməkçisi Yuri Kimin ermənilərin razılığı pozmasını dilə gətirməməsi ən azı təəssüf doğurur. Digər tərəfdən, ABŞ Konqresində belə müzakirələrin təşkil olunması və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsi erməni lobbisinin təsirində olan konqresmenlərin siyasi korrupsiyaya uğramasının əyani göstəricisidir.

Lakin ABŞ-nin bu qərəzli mövqeyi Azərbaycanın beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan mövqeyinə təsir edə bilməz!