YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir ovuc erməninin əlində girova çevrilmiş supergüc...

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 gündə əldə etdiyi böyük qələbəmizi həzm etməyən xarici ölkələrdən demək ki, təkcə Fransa deyilmiş. Özünü dünyaya haqq-ədalət beşiyi kimi sırıyan, uydurduğu demokratiya nağılları ilə digər xalqların beyinlərini dolduran ABŞ də erməni riyakarları ilə eyni cəbhədə dayanaraq, onlarla həmrəylik nümayiş etdirməkdədir. Son günlər regionumuzda baş verən hadisələrə ikiüzlü yanaşmaları, daha dəqiq ifadə etsək, Qarabağdakı separatçılara verdikləri gizli-aşkar dəstək bu supergücün başqaları ilə müqayisədə Azərbaycana münasibətdə həmişə ikili standartlar nümayiş etdirdiyinin əyani sübutudur. Ona görə ABŞ Senatında təşkil olunan anti-Azərbaycan dinləmələri və bu dinləmələr zamanı xüsusən Dövlət Departamenti rəsmisinin “Dağlıq Qarabağ xalqının hüquqları” terminini dilə gətirməsi, bəzi amerikalı siyasətçilərin bir ovuc Qarabağ erməniləri ilə bağlı Azərbaycan hökumətini hətta soyqırımında günahlandırmaları, bir müddət öncə dövlət katibi Entoni Blinkenin Laçın yolu ilə eyni anda Ağdam-Xankəndi yolunun açılmasının vacibliyi ilə bağlı açıqlamasının çox keçmədən erməni lobbisinin təsiri ilə unudulması, ancaq birinci yolun açılması ilə əlaqədar sayıqlamaları haqlı olaraq cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Ancaq indi və əvvəl baş verənlər rəsmi Vaşinqtonun bizim haqq məsələmizə sərgilədiyi münasibətdə nə birinci, nə də sonuncu olacaq.

Hələ I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən torpaqlarımızın 20 faizininin işğal edilməsinə baxmayaraq, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə "Azadlığa Dəstək" Aktına qəbul edən və Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan məlum “907-ci düzəliş” edənin ABŞ Konqresi olduğunu unutmadıq. Elə bu yaxınlarda Los-Anceles şəhərindəki Baş konsulluğumuzun qarşısında yerləşən meydanın adının dəyişdirilərək, “artsax respublikası” adlandırılan da və ya qondarma rejimin nümayəndəliklərinin təsis edildiyi də başqa ölkə deyil, məhz ABŞ-dir.

İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə böyük missiya götürmüş, boş-boşuna xərclənmiş 30 il müddətində həmin problemin həllində irəliyə doğru bir kiçik addım atmayan və Müzəffər Ordumuzun qüdrəti, xalqımızın "Dəmir yumruq” kimi birliyi, şəhid və qazilərimizin canı-qanı bahasına Böyük Zəfərlə başa çatan Vətən Müharibəsi ilə problemin birdəfəlik həll edilməsi ilə tarixin arxivinə gömülmüş Minsk Qrupunun üç həmsədr ölkəsindən birinin də ABŞ olduğunu yaxşı xatırlayırıq. Odur ki, bu ölkənin belə bir ədalətsiz davranışlarının səbəbləri aydın olmasa da, əslində bu addımlardan hardasa təəccüblənməmək olar.

Söz yoxdur ki, ABŞ-nin saymaqla bitməyən yanlış addımlarını düzgün olaraq ilk növbədə bu ölkədəki güclü erməni lobbiçilərin fəaliyyətinin nəticəsi ilə əlaqələndiririk. Çox təəssüflər olsun ki, o erməni lobbilərinin çirkin yollarla təsir dairəsinə düşən bu güc mərkəzləri I Qarabağ müharibəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal olunanda bu baş verənlərə göz yummaqla yanaşı, bir çox hallarda erməni işğalçılardan siyasi, iqtisadi, hərbi dəstəyini belə əsirgəmirdilər, onların törətdikləri soyqırımıları, vəhşilikləri, evlərindən-eşiklərindən güclə didərgin salınmış dinc sakinlərimizin əmlaklarını yağmalamalarını gözardı edirdilər. İndi də işğaldan azad olunan ərazilərdə Azərbaycanın yalnız öz daxili imkanları hesabına ərsəyə gələn nəhəng infrastruktur layihələri qısqanclıqla qarşılayırlar. 

Bəli, bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Əsas məsələ də ondadır ki, ölkən böyük, qüdrətli, sözün də hər yerdə keçərli ola bilər. Amma bu böyüklüyündən sui-istifadə edərək beynəlxalq ədaləti hər yerdə bərqərar etmək əvəzinə onları yeri gələndə ayaqlar altına sərə bilirsənsə, gerçəkliyin yox, yalanın, xeyrin yox, şərin yanında yer almağın əslində sənin böyük yox, cılız olduğuna dəlalət edir.