YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Separatçıların “xaç atası”

Zərifə Quliyeva

YAP Veteranlar Şurasının üzvü

Torpaqlarımızı işğal edib günahsız körpələri, qadınları amansızcasına öldürən işğalçı Ermənistan daim Qərbdəki qüvvələrin, xüsusilə ABŞ-nin hərtərəfli dəstəyi ilə əhatə olunub. Təcavüzkara dəstək siyasəti yürüdən ABŞ separatçılığa rəvac verdi. 30 ilə yaxın Azərbaycanın əzəli torpaqlarını işğalda saxlayan cinayətkar Ermənistan xuntasına daima “sığal çəkən” rəsmi Vaşinqton hətta 44 günlük müharibədən sonra da bu işini davam etdirir. Bu gün ABŞ-nin bölgə siyasəti belədir: separatizmə dəstək!

ABŞ açıq şəkildə Azərbaycan ərazisindəki separatçı ermənilərə hətta Konqres və Senat səviyyəsində dəstək göstərməkdədir. ABŞ-nin Ermənistana dəstəyini, ikili siyasətini göstərən daha bir fakta diqqət edək. ABŞ-yə məxsus “Freedom House” təşkilatının hesabatlarında Ermənistan demokratik inkişaf baxımından “azad ölkə” kimi təqdim edilir. Gündəlik həbslərin, müxalifət fəallarının zindanlara atılıb döyüldüyü Ermənistan hansı meyarlarla “azad ölkə” ola bilər? Hələ bu azmış kimi, ABŞ maliyyəsi ilə iş görən bu qurum lap əndazəsini aşaraq "Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi" kimi diqqətə çatdırırdı. Bütün bunlar ABŞ rəhbərliyinin birbaşa icazəsi və göstərişi ilə reallaşdırılır.

44 günlük müharibədən sonra nəhayət ki, ABŞ-nin Azərbaycana dair siyasətində yeni və ədalətli mövqe gözlədiyimiz bir vaxtda Vaşinqtonun Xankəndidəki separatçı rejimə açıq dəstəyi bu ölkəyə olan azacıq ümidləri də birdəfəlik dəfn etdi. Xankəndidəki separatçı cinayətkarların keçirdikləri oyuncaq “seçkiləri” pisləməyən ABŞ, bu azmış kimi “aclıq blokadası” kimi gülünc və rəzil tamaşaya dəstək də göstərdi. Diqqət edin: bu “aclıq tamaşası”na dəstək olaraq ABŞ Konqresi və Senatı səviyyəsində guya Xankəndinin “blokadaya alınması” iddiası ilə dinləmələr təşkil edildi və bir sıra senator və konqresmenlər erməni diasporunun da təlimatı ilə Azərbaycan əleyhinə yalanlarla dolu ittihamlar səsləndirdilər. Bu gün açıq-aşkar ABŞ Konqresində və Senatında erməni separatizminə “xaç atası” kimi dəstək verilir. Məqsəd bəllidir: bölgədə öz yırtıcı maraqları üçün separatizmi gücləndirmək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yol verməmək və regionda hər zaman qanlı münaqişə ocağının qalmasına nail olmaq. Öz maraqları üçün istənilən qanlı terror və separatizmdən bəhrələnən ABŞ üçün qırmızı xətt yoxdur!