YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Parçala, hökm et” siyasəti: geosiyasi oyunda ABŞ baş rolu ifa edir

Əli Həsənov

YAP Veteranlar Şurasının üzvü

ABŞ Konqresinin biznes təşkilatı olması faktı ilə dəfələrlə rastlaşmışıq. Bu Konqresin Amerikada mövcud olan erməni diasporunun maliyyəsi hesabına ədələtsiz qərarlar çıxarması da yenilik deyil. 1992-ci ildə Konqresdə erməni lobbisinin təşəbbüsü ilə Azərbaycana birbaşa yardımı qadağan edən ədalətsiz "907-ci düzəliş"in qəbul edilməsi də bu “işbirliyi"nin nəticəsidir. 

Həyatda ikiüzlü adamın mövcudluğu reallıqdır və bunu beləcə də qəbul edirik. Amma dövlətin ikiüzlü, çoxsifətli olması, üzdə bir şey deyib, əməldə başqa mövqe sərgiləməsi heç cür anlaşılan deyil. ABŞ də belələrindəndir. Həmişə yüksək səviyyədə bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi qəbul edirik. Di gəl ki, əməldə tamamilə fərqli mövqe nümayiş etdirirlər. Bu “ədalət carçısı” 30 il Azərbaycan torpaqlarını işğal edən, şəhərləri, kəndləri viran qoyan, bir milyon insanı yurdundan didərgin salan Ermənistana bir dəfə də olsun konkret söz demədi, əksinə, “humanitar yardım” pərdəsi altında işğalçıya arxa, dayaq durdu və bu gün də eyni missiyanı davam etdirir.

Mən rəhbər işdə çalışdığım vaxtlar ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən Amerikanın nümayəndəsi ilə dəfələrlə görüşmüşəm. Hər dəfə ikili yanaşmalar, çoxtərəfli standartlar barədə onlara verdiyim suallar cavabsız qalıb. Mən onda bir daha əmin oldum ki, bu siyasi oyunda ABŞ baş rolu ifa edir və məqsəd münaqişəni həll etmək deyil, onu qəsdən uzatmaqdır. Sonrakı tarixi hadisələr və bu gün baş verən olaylar da bunu bir daha təsdiq etdi. Təəssüf ki, bu məkrli siyasətin bu gün də şahidi oluruq. Bir tərəfdən dövlətin yüksək çinli nümayəndələri Qarabağda qondarma rejimin “seçki” oyununu tanımadıqlarını bəyan edirlər. Digər tərəfdən isə Konqresdə yığışıb Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar, Yuri Kimi oyuncaq alət kimi ortaya atıb aranı qarışdırırlar. Aydındır, məqsəd tərəflər arasına barışığa imkan verməmək, münaqişəni qızışdırmaq və Cənubi Qafqazda nəzarəti ələ keçirməkdir. 

Son 50 ilin hadisələrinə nəzər salaq. ABŞ müxtəlif bəhanələrlə ayağını hansı ölkəyə qoyubsa, orada rahat həyat pozulub, yaşayış məskənləri dağıdılıb, milyonlarla insan məhv edilib, dünyanın dörd tərəfini dolaşan, min əzabla üzləşən saysız-hesabsız miqrant ordusu yaranıb. Əfqanıstan, İraq, Liviya kimi dövlətlərdə həyatın iflic olmasının, Asiyada, Afrikada qarşıdurmaların getdikcə artmasının baiskarı məhz Amerikadır. “Parçala, hökm et” siyasətini yürüdən ABŞ-nin yalnız bir məqsədi var: dünyaya ağalıq, hökmranlıq etmək! Bu çirkin niyyətə çatmaq üçün isə ona baş əyməyən dövlətləri və onların xalqlarını məhv etmək!
Tarixən dünyaya ağalıq xülyasına düşənlər çox olub və onların acı taleyi də hamıya məlumdur. Milyonlarla yerli əhalinin tökülən nahaq qanı hesabına qurulan ABŞ-ni də bu tale gözləyir. Çünki atalar yaxşı deyib: “Su qabı suda sınar”.

Nahaq qan tökənin, ədalətsizin haqdan, demokratiyadan, ədalətdən dəm vurması sadəcə gülünc görünür.