YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Budurmu “ədalətli və demokratik” ABŞ?!

“Xüsusilə son vaxtlar ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız özünün ifrat maraqları dayanır. Bu məqsədlə ABŞ riyakarlığı dövlət siyasəti səviyyəsinə yüksəltmişdir. ABŞ Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Krımı və Donbası  Ukraynanın, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın ayrılmaz hissəsi kimi tanıyır və bütün beynəlxalq tədbirlərdə onların haqlı mövqeyinə dəstək verir. Lakin 30 ilə yaxın torpaqları işğal altında qalan Azərbaycana gəldikdə isə, ABŞ bütün hallarda işğala məruz qalana dəstək vermək əvəzinə Ermənistanın mövqeyini müdafiə etmişdir”.

Bu fikirləri YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan, professor Ədalət Fərəcov söyləyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minks Qrupunun həmsədrindən biri olub: “Həmsədr kimi heç bir lazımı fəaliyyət göstərməyib. Digər həmsədrlər kimi turist səfərləri edib, növbətçi bəyanatlar verməklə Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələni əsirgəməyib. Qarabağdakı qondarma rejimə hər il müxtəlif bəhanələrlə minatəmizləmək adı altında milyonlarla dollar yadım etmişdir. Separatçı rejim nümayəndələrinin ABŞ-də  ofis yaratmalarına, “Qarabağa yardım” adı altında vəsaitin toplanmasına, cinayətkar rejim nümayəndələrinin Amerikaya səfər edərkən müxtəlif səviyyəli görüşlər keçirilməsinə şərait yaradılmışdır. Bəzən üzdə Azərbaycanın ərazi bütövlüyünü dilə gətirsə də, arxada Ermənistan və Qarabağdakı separatçı rejimi dəstəkləmişdir”.

“Hegemon dövlət kimi ABŞ öz iradəsini bütün dünyaya diktə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və islamı  “sivil dünyanın” əsas düşmanı kimi təqdim etdi. Amerikanın apardığı siyasi  oyunların bir məqsədi var: hər hansı bir regionda və ya ölkədə öz maraqlarını diktə etmək üçün həmin ölkənin sərvətini nəzarətə götürmək və sonra talamaq. Əksər hallarda Amerikanı nə demokratiya, nə də insanların rifahı maraqlandırır. Cənubi Afrikanın, Asiyanın böyük bir  hissəsinin Amerikanın siyasi oyunlarnın poliqonuna çevrilməsinin səbəbləri ABŞ-nin sülh, insan hüquqlarına hörmətsizliyinin bariz nümunəsidir. ABŞ Azərbaycanın da  güclənməsinin qarşısını almaq üçün  neçə dəfə  “rəngli inqilablar” planı hazırlayıb, lakin iqtidar-xalq birliyi sayəsində bu bədnam planlar reallığa çevrilməyib. Keçən müddət ərzində Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və 44 günlük Vətən müharibəsində torpaqlarını 30 ilə yaxın davam edən erməni işğalından azad etdi.

Azərbaycanın bu güc və imkanlara malik olması təbii ki, ABŞ, Fransa və bəzi ölkələrin maraqlarına uyğun gəlmir. Ona görə də rəsmi Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını istəmir, bu məsələlərdə yalnız görüntü yaradır. Təsadüfi deyil ki, bu gün eyni mövqedən çıxış edən ABŞ və Fransa Qarabağ ermənilərinin reinteqrasiyasına imkan vermir və Ermənistandakı revanşist qüvvələri stimullaşdırır”,- deyə Ə.Fərəcov əlavə edib.