YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün uduzanı olmaz!

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda mətbuata verdikləri bəyanatlar ərəb ölkələrinin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Qətərin “Əl Cəzirə” telekanalının efirində Azərbaycan və Türkiyə liderlərinin bəyanatlarından əsas məqamlar yer alıb. Telekanalın aparıcısı qeyd edib ki, Azərbaycanın dövlət başçısı 24 saatlıq antiterror tədbirlərindən beş gün sonra Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlandığını, o cümlədən yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardımlar edildiyini söyləyib. O vurğulayıb ki, bu, Qarabağ bölgəsində yaşayan insanların milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları olduğunu, onların təhlükəsizliyi, hüquqlarının Azərbaycan dövləti tərəfindən təmin ediləcəyini göstərir. Eyni zamanda, Prezident İlham Əliyev bir neçə gün əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirildiyini, sentyabrın 25-də isə ikinci görüşün olduğunu diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək.

“Əl Cəzirə”, həmininin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son günlərdə bölgədə kritik proseslərin yaşandığı, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı tapa bilmədiyi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldığı barədə fikirlərini önə çəkib. Qeyd olunub ki, Türkiyənin dövlət başçısı bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılmasını qürur mənbəyi kimi xarakterizə edib, şəhidlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı, yaralılara tezliklə şəfa tapmalarını arzulayıb.

“SkyNewsArabia” telekanalı da Azərbaycan və Türkiyə liderlərinin bəyanatlarına geniş yer ayırıb. Telekanalın şərhçisi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik etdiyi çoxmillətli ölkədə bütün etnik azlıqlar kimi, Qarabağın erməniəsilli sakinlərinin də hüquq və azadlıqlarının təmin ediləcəyini bildirib, onların Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması prosesinin uğurla başa çatacağına əminliyini ifadə edib.

Telekanalın efirində diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 saat davam edən antiterror tədbirlərindən sonra bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açıldığını, bu fürsətin dəyərləndirilməli olduğuna inandığını deyib. O qeyd edib ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. “Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”, -deyə Türkiyənin dövlət başçısı bildirib.

“Əl Ərəbiyə” telekanalının saytında dərc edilmiş “Azərbaycanın lideri Qarabağın erməni sakinlərinin hüquqlarının təmin ediləcəyini bildirib” sərlövhəli materialda qeyd edilib ki, Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata verdiyi bəyanatda artıq Qarabağ bölgəsindəki ermənilərə neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardımlar edildiyini söyləyib. “Azərbaycan və Türkiyə liderləri Azərbaycanın Qarabağ regionunda silahlı hərbi birləşmələrin tərk-silah olması və separatçıların iflasa uğramasını regional sülh və təhlükəsizlik, habelə əməkdaşlıq üçün yeni fürsət adlandırıb, Ərdoğan erməniləri bu imkandan faydalanmağa çağırıb”, -deyə yazıda diqqətə çatdırılıb. Materialda o da qeyd edilib ki, Azərbaycan əsgəri antiterror tədbirlərinin gedişində mülki şəxslərə və infrastruktura zərər dəyməməsi üçün böyük ehtiyat və humanistlik nümayiş etdirib.

“Əl Nəşrə” qəzetində, habelə “RT Arabic” və “arab.48” informasiya portallarında dərc olunmuş materiallarda Azərbaycan və Türkiyə liderlərinin mətbuata bəyanatları ilə yanaşı, dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdiklərini də diqqətə çatdırıblar. Yazılarda qeyd olunub ki, Prezident İlham Əliyev gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracının mümkün olacağını da bildirib. Azərbaycanın dövlət başçısı, həmçinin Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını tarixi hadisə adlandırıb, əmin olduğunu bildirib ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.

Materiallarda qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyətinin koronavirus pandemiyası və bölgədə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edildiyini, bu baxımdan bir qədər əvvəl təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri layihəsinin Azərbaycan ilə enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcəyini vurğulayıb. O əlavə edib ki, Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, Azərbaycanla Türkiyə arasında yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr də imzalanıb. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrində əlaqələri inkişaf etdirməkdə bağlı birgə iradə bir daha ortaya qoyulub.