YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər zirvəsinə yüksələn qəhrəmanlar

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Zəfər zirvəsinə yüksələn qəhrəmanlar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-də başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığını qeyd edib. 44 gün davam edən müharibənin Azərbaycanın tarixi Zəfəri ilə başa çatdığı bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanı Zəfərə aparan 44 günlük yolun başlanğıcı olan 27 sentyabr bu tarix özündə bütün məqamları ehtiva edir.

Vurğulanıb ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, onların xatirəsini uca tutur.

YAP Xətai rayon təşkilatının sədri deyib ki, bu gün Ümummilli Liderin, şəhidlərimizin ruhları şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov qeyd edib ki, Azərbaycanın bu Qələbəsi şəksiz idi. Çünki dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirərək elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması hər zaman dövlətin siyasətində prioritet məsələlərdən olub. Azərbaycan Silahlı Qüvvələri hər bir döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Digər çıxış edənlər - Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Anar Məmmədov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı fikirlərini bölüşüb, tarixi Zəfərin xalqımızda yaratdığı qürur hissindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv