YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı möhkəm təmələ əsaslanır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda ümumilikdə türk dünyasının birliyi özünün aydın mənzərəsini yaradır. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakı mərhələdə inkişafının yol xəritəsidir. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun təqdimatı olan Naxçıvan görüş bir daha əlaqələrimizin hazırkı inkişaf səviyyəsinə işıq saldı.

Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü oldu. İmzalanan sənədlər iki qardaş ölkənin əlaqələrinin gələcəyi barədə aydın təsəəvvür yaratdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələrimiz ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə çox fəal dövrünü yaşayır: “Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”

Prezidentlər tərəfindən imzalanan Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırıldı. Qars-Naxçıvan dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin bir hissəsi hesab oluna bilər. Zəngəzur dəhlizinin açılması türk dünyasının birliyinin daha da möhkəmlənməsində öz sözünü deyəcək.  Naxçıvanda İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlinin qoyulması Azərbaycanla Türkiyənin enerji, nəqliyyat dəhlizlərinin paralel şəkildə şaxələndirilməsi üzrə vahid strateji inkişaf proqramı üzrə hərəkət etdiklərini bir daha təsdiqlədi. Səfəri çərçivəsində, həmçinin Azərbaycanla Türkiyə arasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma memorandumunun imzalanması da bunun bariz nümunəsidir. Naxçıvanın ev sahibliyi edəcəyi Türkiyə-Azərbaycan III Enerji Forumuna diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlarımız var: “Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.”

Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə atdığı addımlar bölgəyə sülh, əmin-amanlıq, rifah gətirir. Harada Azərbaycan və Türkiyə varsa, orada qardaşlıq, dostluq və inkişaf var. Prezident İlham Əliyevin Naxçıvanda, mətbuat üçün bəyanatında ifadə etdiyi kimi, biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik: “Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.”

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Türkiyə Prezidentinin Naxçıvana səfəri mühüm əhəmiyyətli layihələrin əsasının qoyulması ilə yanaşı, regionda tarixi ədalətin bərpa ediləcəyi bir görüş kimi tarixə yazıldı. Bu görüş Türk dünyasına milli qürur və birlik hissi bəxş etdi. Azərbaycan-Türkiyə birliyi türk dünyasının həmrəyliyində əhəmiyyətli rola malikdir. Bu rol gündən-günə daha da artır.