YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq əlaqələri getdikcə daha da möhkəmlənir

Kamilə Əliyeva  

Milli Məclisin deputatı, professor

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri getdikcə daha da möhkəmlənir. Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları iqtisadi layihələr hər iki ölkə ilə yanaşı digər dövlətlərin də iqtisadi rifahına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri zamanı hər iki dövlətin iqtisadiyyatına böyük töhfə verə biləcək mühüm sənədlər imzalanır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Ərdoğanın Azərbaycanın qədim diyarı olan Naxçıvana səfər etməsi və İğdır - Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak etməsi çox önəmli bir hadisə idi. Prezident İlham Əliyev  Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar mətbuata çıxış etdi və bir sıra önəmli məsələlərə toxundu. İğdır -Naxçıvan qaz kəməri fəaliyyətə başladıqdan sonra Naxçıvanın enerji tələbatı tam ödəniləcək.

1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanın qədim torpağı olan Zəngəzuru iki yerə bölərək Qərbi Zəngəzuru Ermənistana birləşdirdi və bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi əlaqə kəsilmiş oldu.

Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirməyə başlayanda Naxçıvana qarşı da ərazi iddiaları irəli sürürdü. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti erməniləri yerində oturtdu. Ermənistan ən çirkin əmələ əl ataraq Azərbaycandan Naxçıvana verilən elektrik və qaz xətlərini kəsmişdir. Uzun illər Naxçıvan blokadada qalmış, naxçıvanlılar çox əziyyət çəkmişdilər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu vəhşiliyinə göz yumurdular.

Bu gün Azərbaycanda yaşıl enerjinin istehsalı və ixracı istiqamətində böyük layihələr həyata keçirilir. Naxçıvan günəş, külək, su elektrik stansiyalarının istehsalı üçün böyük potensiala malikdir və qələcəkdə Naxçıvan Türkiyəyə yaşıl enerji ixrac edə bilər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsində Qarabağda Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə də məlumat verdi. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Ermənistan üzərində tarixi gələbə qazanaraq torpaqlarını erməni işğalından azad etdi. 2023-cü il Aprelin 23-də Laçın yolunda nəzarət buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu ilin sentyabr ayının 19 da isə ölkəmiz öz suverenliyini tam bərpa etmiş oldu.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan ordusuna və separatçılara məxsus hərbi texnikalarını və sursatlarını tamamilə məhv etdi. Separatçılar təslim olduqlarını bildirərək ağ bayraq qaldırdılar. Beləliklə Qarabağda separatizmin kökü kəsildi. Artıq cinayətkar xunta öz fəaliyyətlərini dayandırdıqlarını bəyan etdi. Azərbaycan bütün dünyaya Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan vətəndaşları olduqlarını və onların təhlükəsizliyi Azərbaycan qanunları ilə qorunacaqlarını bəyan etmişdir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi Qarabağda yaşayan erməniəsilli sakinlərin də öz dilini, dinini yaşatmalarına şərait yaradılacaq. Artıq Azərbaycan dövləti Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə hər cür humanitar yardımlar göndərir və bu yardımlar davam edəcək. Azərbaycanın dövlət nümayəndələri ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması üçün Qarabağdakı erməniəsilli sakinlərin nümayəndələri ilə görüş keçirmişdir.

Ölkə başçımız çıxışında Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq münasibətləri haqqında da fikirlər söylədi. Türkiyə Vətən müharibəsində və sonrakı dövrlərdə Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etmişdir. Bir neçə gün bundan əvvəl Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin ali kürsüsündən Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini və Qarabağ Azərbaycan torpağıdır söyləməsi qardaşlığımızın ən yüksək zirvədə olmasının nümunəsidir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət kimi əbədi yaşayacaq.