YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf və tərəqqinin başlanğıcı...

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etsə də, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin sütunlarının kövrək olduğunu göstərirdi. Müxtəlif yollarla hakimiyyətə gəlmiş bacarıqsız qüvvələrin fəaliyyətsizliyi ölkədə özbaşınalığın artmasına, daxili sabitliyin pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu. Xalq anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. Beləliklə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, həmin il oktyabr ayının 3-də ölkə Prezidenti seçilməsi isə Azərbaycanda sabitliyin, inkişaf və tərəqqinin başlanğıcı oldu. 

Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

 Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha şahidi oldu. 

Ümummilli Liderin fəaliyyətində ölkəmizin dünya birliyində demokratik dövlət kimi tanınması və qəbul edilməsi də mühüm yer tuturdu. Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyən görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən qanunvericilik bazası yaradıldı, demokratik cəmiyyət formalaşdırıldı. Eyni zamanda, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın əsası qoyuldu. Belə əməkdaşlıq münasibətləri isə tarixən Böyük İpək Yolunun əsas iştirakçılarından olan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrində rolunu ortaya qoydu. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətinin göstəricisidir.

Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb oldu. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil etdi. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atdı. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.

Ulu Öndər Heydər Əliyev nitqlərinin birində qətiyyətlə bəyan etmişdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. Heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun əsas məqsədlərindən biri qısa zaman ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi idi. Dahi liderin bu arzusunu onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla yerinə yetirdi. Tam əminliklə söyləyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.