YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Bu fikrin nə qədər həqiqətə söykəndiyini təsdiqləmək üçün Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqlarına diqqət yetirmək kifayətdir. Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması nəticəsində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalmışdı. Tarixi nailiyyətimiz olan müstəqilliyimizin itirilməsi, Azərbaycanın bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalması, sabaha olan ümidlərin itməsinə səbəb olmuşdu. Məsələyə bu rakursdan baxdıqda dahi şəxsiyyət Heydər Əliyevin adı çəkiləndə ilk olaraq göz önünə xilaskarlıq missiyasının gəlməsi təsadüfi deyil. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla bugünkü reallıqlarımızın təməlini qoydu. Bu baxımdan xüsusi qeyd edirik ki, Azərbaycanın tarixində, xalqımızın taleyində elə günlər var ki, onların önəmi illər keçdikcə daha dərindən dərk olunur, ən əsası, o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Həm ölkəmizin, həm də xalqımızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərdən biri də məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən tarixi seçimini etdi. Həmin tarixdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da keçirilən andiçmə mərasimində bildirmişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Dahi şəxsiyyət Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə gördüyü işlərə diqqət yetirsək, bu işlərin miqyasının nə qədər geniş olduğunu görərik. Ulu Öndərin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təsis edilməsini, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, milli ideologiyanın yaradılması Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri idi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində deyil, dünyada yaşayan azərbaycanlıları əhatə edən, onları vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasını şərtləndirdi. Ümummilli Lider Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalı və inkişaf etdirməlidir. Ulu Öndərin təşəbbüsü və Sərəncamı əsasında 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid mərkəzdən idarə edilməsinə, müstəqil Azərbaycanın gələcəyi ilə bağlı mühüm addımların atılmasına geniş imkanlar yaratdı. Biz bunun uğurlu nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Tarixi Zəfərimizdə bu birliyin rolu inkaredilməzdir. Qürurla qeyd edirik ki, 30 ildən sonra Qarabağın tacı Şuşa ötən il bu unikal şəhərimizdə keçirilən Zəfər qurultayı ilə dünya azərbaycanlılarını bir araya gətirərək bu məkandan birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət gələcək hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində hazırda tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 3 oktyabr 1993-cü ildən başlanan yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu uğurlar davamlılığı ilə diqqətdədir. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurların davamlılığını təmin etdi. 2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin uğurlu davamı, xalqın yüksək etimadının qazanan cənab İlham Əliyevin 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində Ümummilli Liderin qarşısında verdiyi vədlərin hər birinin reallıqda təsdiqidir. Bu gün Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il tətbiqini gözləyən BMT qətnamələrinin icrasını təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Artıq xeyli vaxtdır Qarabağ və Şərqi Zəngəzura davam edən Böyük Qayıdışın növbəti ünvanının məhz Xankəndi olacağı hər birimizin səbirsizliklə gözlədiyimiz məqamdır.

Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan nəhəng bərpa-quruculuq işləri dünyanın diqqətində olmaqla yanaşı, bu hədəfin göstəricisidir ki, Azərbaycanın hər bir sahədə qazandığı təcrübə nümunədir. Ölkəmiz dünyanın 100 ölkəsindən 5 mindən çox iştirakçını bir araya gətirən 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu möhtəşəm beynəlxalq tədbirdəki çıxışında Konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev onu da əlavə etdi ki, müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirir.

Azərbaycan xalqı 1993-cü il 3 oktyabr tarixində keçirilən prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə qatılaraq Ümummilli Lider Heydər Əliyevə səs verərkən Azərbaycanın gələcəkdə necə görmək istədiklərinin aydın mənzərəsini yaratmışdı. Bu mənzərənin önündə ərazi bütövlüyünü təmin etmiş, yeni-yeni hədəflərə doğru inamla addımlayan, hər bir sözünün imzası qədər dəyəri olan bir müstəqil dövlət dayanırdı. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini, Onun layiqli davamçısı, Özü qədər inandığı Prezident İlham Əliyev suverenliyini daimi etdi. Uğurla reallığa çevrilən hər bir hədəf yeni hədəflərin başlanğıcıdır.