YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq münasibətləri bütün dünya üçün əsl örnəkdir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Cari ilin 25 sentyabr tarixində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana ikinci səfəri qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi qiymətləndirilir. Geniş tərkibdə təşkil olunmuş səfər çərçivəsində bir çox görüşlər keçirilmiş və sənədlər imzalanmışdır.

Son zamanlar regionda baş verən hadisələr fonunda qardaş Türkiyə Respublikasının Prezidentinin qədim diyarımız Naxçıvana səfərinin müstəsna əhəmiyyəti vardır.

Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu" xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı Cənubi Qafqaz regionuna sülh, sabitlik və inkişaf vəd edir. İki ölkə arasındakı qardaşlıq, nəinki regionun, hətta bütün Avrasiya qitəsinin iqtisadi potensialına töhfə verəcək yeni geosiyasi reallıqlar yaratmaqdadır.

Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Tarixi Zəfərimiz əlaqələrimizin daha da möhkəmlənməsində stimulverici amil oldu. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyindən bəhs etməsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı    qardaşlığımızın dünyaya nümayişi oldu. Qardaş ölkə sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərdi, eyni zamanda, tarixi Zəfərimizdən sonra sahibinə qovuşmuş torpaqlarımızda atılan hər bir addımda Azərbaycanın yanındadır.

  Türkiyə Prezidentinin paytaxt Bakı ilə yanaşı bölgələrimizə səfər etməsi, orada görülən işlərlə yaxından tanış olması, gördüyü inkişafdan, tərəqqidən keçirdiyi xoşbəxtik hissini xüsusi vurğulaması iki qardaş ölkənin Prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında xüsusi rol oynadığını göstərir.

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə yalnız sözdə deyil, əməldə də özünü göstərən Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya üçün əsl örnəkdir.