YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konqres Azərbaycanın texnoloji sahədə qazandığı uğurların təqdimatında mühüm platformadır

“Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun ardınca daha bir mötəbər tədbirə-74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. 5 gün davam edəcək tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, Konqresin əhəmiyyətinin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Azərbaycan hər iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə yeni texnologiyaların inkişafına və tətbiqinə verdiyi önəm fonunda qazandığı uğurlu nəticələri dünyaya təqdim etmək imkanı qazanır. Bu gün dünya işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri əsasında Azərbaycanın təkmil şəhərsalma təcrübəsini öyrənir. Müasir dövrün tələbləri həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində özünün aydın ifadəsini tapır. Digər mötəbər beynəlxalq tədbirdə isə dünyanın texnoloji gündəliyi müzakirə edilir ki, bu da öz növbəsində ölkəmizin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə göstərilən yüksək diqqətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə -1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib: “Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi. Azərbaycan bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq tədbirə ev sahibliyi edərək 100-dən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirir. Bu tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bu məqamı xüsusi qeyd etdi. “Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Həyata keçirilən siyasət hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib.”

Millət vəkili onu da əlavə edib ki, bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında öz təsdiqini tapır: “Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəmiz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyinin təqdimatıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.”

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin gələcəyi üçün vacib sahədir: “Azərbaycan hər bir sahədə təcrübəsinin nümunə olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu məqsədə yüksək səviyyədə nail olur. Davos Dünya İqtisadi Forumunun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də özündə mühüm məqamları ehtiva edir. Əminik ki, Konqres Azərbaycanın texnoloj sahədə dünəninin, bu gününün və perspektivlərinin təqdimatı olaraq səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması əsasında əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsində öz sözünü deyəcək.”