YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarixində dönüş nöqtəsi

“Azərbaycan dövlətinin və xalqının taleyində olduqca mühüm siyasi hadisələrdən biri, müasir dövlətçilik tariximizin dönüş nöqtələrindən hesab edilən - 1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 30 il ötür. Ümummilli lider Heydər Əliyevin xalqımızın yüksək inam və etimadını qazanaraq xalqımızın mütləq əksəriyyətinin 98.84 faiz səsilə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra dövlətimizin və xalqımızın inkişafının, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasının, müxtəlif sahələri əhatə edən mühüm dövlət islahatlarının həyata keçirilməsinin əsası qoyuldu. Vətənimizin üzərindəki qara buludular çəkilməyə başladı, daxili hərc-mərclik, qarşıdurma, xaos aradan qaldırıldı”.

Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə xalqımız tarixini heç bir zaman unutmamalı və bu faktlar gələcək nəsillərimizə çatdırılmalıdır. Çünki bütün gənclərimiz və gələcək nəsil bilməlidir ki, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımız qarşısındakı xidmətləri müqayisəolunmaz dərəcədədir: “Ümummilli lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkəmizin və xalqımızın ən ağrılı, acılı anında ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və yerinə yetirdi. O zamankı siyasi hakimiyyətin dövründə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. 1991-1993-cü illər, ulu öndərin siyasi hakimiyyətə qayıdışına qədərki dövr ölkəmizin tarixində özbaşınalıq, anarxiya dövr kimi xarakterizə olunur. Tarixi torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, bir milyona yaxın soydaşımızın öz yurd-yuvasından qaçqın və məcburi köçkün, didərgin salınması o vaxtkı siyasi hakimiyyətin yarıtmaz fəaliyyətinin və siyasi ambisiyalarının ağır nəticəsi idi. Ölkəmiz daha böyük fəlakətlərə yuvarlanmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir zamanda xalqı öz arxasınca apara və düşdüyü vəziyyətdən çıxara biləcək siyasi liderə ehtiyac var idi. Sözsüz ki, bu şəxsiyyət ulu öndər Heydər Əliyev idi və sonradan tarixi proseslər göstərdi ki, uzaqgörən xalqımız yanılmayıb və ulu öndərin prezident seçilməsi ilə Azərbaycan bütün çətinliklərini arxada qoydu, yeni inkişaf mərhələsinə qədəm qoyaraq öz taleyini özü həll etməyə başladı”.

Vüsar İsmayılovun fikrincə, ümummilli lider Heydər Əliyevin siyasi idarəetməsi, müdirk və uzaqgörən siyasəti Azərbaycanın inkişafını təmin etməklə yanaşı, gələcək hədəflərinə doğru inamla addımlamasına əsaslı zəmin yaratdı. Bu gün ulu öndərin siyasi kursunu layiqincə yerinə yetirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız inkişaf yolunda daha da inamla addımlayır. Məhz ulu öndərin vəsiyyətini yerinə yetirərək 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərimiz və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, əsası ümummillli lider tərəfindən qoyulan siyasətin nəticəsi idi. Bu gün dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız qalibdir və bu qələbələrimiz davamlı olacaq.