YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətinin tarixində şanlı bir gün

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ulu öndər Heydər Əliyev bütün ömrünü canından da çox sevdiyi mənsub olduğu Azərbaycan xalqının müstəqil, xoşbəxt yaşamasına həsr etmişdir. Ümummilli Lider Azərbaycan dövlətinin müstəqil, güclü dövlət olması uğrunda çalışmış və fəaliyyət göstərmişdir. Sovet İttifaqı dövründə rastlaşdığı təzyiqlərə, eləcə də Azərbaycanın müstəqilliyinin ilk illərində həyatı dəfələrlə təhlükəyə məruz qaldıqda belə Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi. Azərbaycanın ən ağır dövrlərində ölkəmiz parçalanma təhlükəsi ilə üz üzə qalanda xalqımız nicat yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Xalqın haqlı tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.

3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilən Heydər Əliyev məhv olmaq təhlükəsizliyi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxartdı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.

Ulu öndər 1993-cü ildə Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı.  Ulu öndər Ermənistan silahlı qüvvələrinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdır. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb Heydər Əliyevdən imdad istədilər. 1993-cü il iyunun 9- da xalqın və hakimiyyətdə olan insanların təkidi ilə ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxs Heydər Əliyevin olduğunu xalq çox gözəl bilirdi.

Heydər Əliyev fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi.  Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi. Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən Heydər Əliyev hər zaman milli mənafeyini, milli maraqları üstün tuturdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin "Əsrin müqaviləsi"nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir və Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı. Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Ulu öndər Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır.

Heydər Əliyev Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırırdı. Cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə çalışmalarına böyük dəstək verirdi. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri Azərbaycana maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı.

Ulu öndər Heydər Əliyev siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyev  Azərbaycan dövlətini dünyada güclü  nüfuzlu bir dövlətə çevirdi. Prezident İlham Əliyev Azərbaycanı regionda və Türk dünyasında aparıcı dövlətə, dünyanın ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edən bir dövlətə çevirdi. Azərbaycan dövlətinin və xalqının qazandığı bütün uğurların təməlində Heydər Əliyev dühası dayanır.