YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük qayıdış

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
   
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.

 

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi. Ümummilli Liderin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlandı. Ölkəni bürüyən qanunsuz silahlı birləşmələr tərksilah olunaraq, vahid komandanlıq sistemində nizami ordu yaradıldı və dinc quruculuq işlərinə başlanıldı, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə start verildi. Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi, iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi; vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı. Azərbaycan xalqının Heydər Əliyevə verdiyi böyük dəstək sayəsində çirkin təxribatların sonu uğursuzluqla nəticələndi, etnik və dini durumun tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar aradan qaldırıldı, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı etimad, anlaşma və dostluq münasibətləri qorunaraq daha da möhkəmləndirildi. Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyinin, cəmiyyətdə vəhdətin qurulmasına nail oldu. Ümummilli Liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Respublikamızın həyatının bütün sahələrində, o cümlədən beynəlxalq münasibətlər, iqtisadiyyat, kənd təsərrüfatı, humanitar-mədəni və sosial sahələrdə sürətli inkişaf prosesi baş verdi.

Ulu öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən biri də özündən sonra dövlətimizi əmin addımlarla inkişafa aparan layiqli davamçı yetişdirməsidir. Məhz Ulu öndər Heydər Əliyevin siyası varisi, özü qədər inandığı Prezident İlham Əliyev Vətən müharibəsində ata nəsihətini yerinə yetirdi. 44 günlük müharibədə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm ordumuza, həm də xalqımıza ruh yüksəkliyi verdi. Öz tarixinə bələd olan Azərbaycan xalqı tariximizdə möhtəşəm səhifə açmış 44 günlük Vətən müharibəsində Heydər Əliyev ideyalarının layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək həm ön cəbhədə ordu sıralarında, həm də arxa cəbhədə ona olan böyük etimadı doğrultdu, otuz ilə yaxındır düşmən tapdağında olan torpaqlarımızın azad olmasında və tarixi Zəfərin qazanılmasında misilsiz şücaət, əsl qəhrəmanlıq nümunəsi göstərdi.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.