YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürur və iftixar mənbəyimiz

“Oktyabrın 3-də ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin ilk dəfə Prezidenti seçilməsinin 30-cu ildönümü tamam olur. 1993-cü ildə keçirilmiş prezident seçkiləri müstəqilliyini yeni bərpa etmiş Azərbaycan üçün qurtuluşa aparan yolun ilk pilləsi oldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri misilsizdir. Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen idi. Müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. Millət vəkilinin sözlərinə görə, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Ona görə də, biz haqlı olaraq Heydər Əliyevi xalqlmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı.

Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi. O, hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmizin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi. “Bu gün müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir. Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Dövlətimizin başçısının Sərəncamında qeyd olunduğu kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”,-deyə Fatma Yıldırım vurğulayıb.