YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın şəhərsalma təcrübəsi dünyanın diqqətindədir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan növbəti dəfə Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Bu dəfə dünyanın 53 ölkəsindən 200-ə yaxın qonağı, ümumilikdə 400 iştirakçını bir araya gətirən Zəngilan oldu. Sentyabrın 29-da keçirilən Forumda dövlət başçısı İlham Əliyev bir daha işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Ağıllı kənd”i Ağalı ilə dünyaya səs salan Zəngilan rayonunun timsalında dövlət başçısı İlham Əliyev bütün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etdi. “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, insanlar erməni işğalından çox əziyyət çəkiblər. Çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən məhrum ediliblər. Onlar bu imkanı, fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi onlara bu şəraiti yaratdı. Bu gün onların gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq. Müzəffər Ali Baş Komandan qürurla qeyd etdi: “Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.”

3 ildə bu torpaqlarda elə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib ki, onların xronologiyasını belə bir yazıda təqdim etmək mümkün deyil. Dünya Azərbaycanın təkmil dirçəliş modelini təqdir edir. Yeni şəhər və kəndlərimiz müasir texnologiyalar əsasında tikilir. Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklər bu torpaqlarda tətbiq edilir. Ölkəmiz bu yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini təqdim edir. Ağdam şəhəri “ağıllı şəhər”, Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsinin ilk iştirakçılarıdır. Milli Şəhərsalma Forumunun ilk olaraq bu məkanlarda keçirilməsində də bu amilin rolu böyükdür.

Zəngilan mühüm nəqliyyat qovşağı kimi qəbul edilir. Onu da qeyd edək ki, ötən il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilməklə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava limanlarının tikintisi nəzərdə tutulmuşdur ki, artıq onların ikisi-Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanın istifadəsi 2024-cü ilin sonu 2025-ci ilin əvvəli üçün nəzərdə tutulub. Cənab İlham Əliyev bu statistik rəqəmləri də diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard dollar olacaq: “Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir.”

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırır. Hər səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyevin Böyük Qayıdışın uğurla başa çatmasına, tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımları, Fərman və sərəncamları davamlılığı ilə diqqət çəkir. Bunlardan biri də şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı Sərəncamdır.

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin üç ili arxada qaldı. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası arzusu ilə yaşayıb, bir gün də belə inamımızı itirmədik. Bu gün torpaqlarımızın işğaldan azad edildiyi tarixlər hər birimiz üçün böyük qürurdur. Bu qürur tarixlərinin sıralanması fonunda 8 noyabr 2020-ci ildə alınmaz qalanın - Şuşanın işğaldan azad edilməsi, bundan sonra  Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması dövlətimizin qətiyyətinin,  Azərbaycan Ordusunun  hansı imkanlara malik olduğunun, ən əsası torpaq, Vətən sevgisinin təqdimatı oldu. 

Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində cəmi 44 gündə qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. İlk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, Ordumuza əlavə güc verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir: “Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.”

Bu məqamı da qürurla qeyd edirik ki, Böyük Qayıdışımız Cəbrayıldan başlayıb.  İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu,  şəhəri ilə bağlıdır. Məlumdur ki, 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad edildikdən sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Həm Böyük Qayıdışın Cəbrayıldan başlanması, həm də İkinci Qarabağ müharibəsində ilk qələbəyə bu torpaqda nail olunması, Cəbrayılın ilk azad olunan şəhər kimi tariximizə yazılması hər birimizdə qürur doğuran hadisələrdəndir. Bu gün digər torpaqlarımız kimi, Cəbrayıl da həyatının yeni mərhələsini yaşayır.