YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğumuzun təzahürü

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın təşəbbüsü ilə keçirilən Milli Şəhərsalma Forumunun növbəti məkanı Zəngilan rayonu oldu. Tarixə Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu kimi yazılan bu tədbirin mövzusu özündə bütün məqamları ehtiva edir- “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”. BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən Foruma 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı qatılıb. Dövlət başçısı İlham Əliyev Forumun açılıındakı çıxışında bidirdi ki, bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur Dostluğumuzun, birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.

Qeyd edək ki, ötən il Ağdam şəhərində keçirilən Foruma 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatılmışdır. Müqayisəli təhlil əsasında həm iştirakçı ölkələrin, həm də nümayəndələrin say tərkibində artımın şahidi oluruq. Bu, Forumun əhəmiyyəti ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin göstəricisidir. Forum əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində, şəhərsalma təcrübəsinin bölüşməsində, səylərin birləşdirilərək hədəflərə doğru inamla addımlamaqda öz sözünü deyir və deyəcək. Ümumilikdə Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradır və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayır. Bu Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Bu gün dünya işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın şəhərsalma təcrübəsini görür və təqdir edir. Bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılması, bütün işlərin şəhərlərin Baş planları əsasında görülməsi uğurlu nəticələrə yol açır. Forumların ilk olaraq Ağdam şəhərində və Zəngilan rayonunda keçirilməsinin öz rəmzi mənası vardır. Belə ki, Ağdam şəhəri “ağıllı şəhər”, Zəngilan rayonun Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunan ilk şəhər və kənddir. Ağalı kəndi ötən il sakinlərinə qovuşdu. Burada bərpa işləri müasir tələblər əsasında yüksək səviyyədə həyata keçirilib. Soydaşlarımızın yaşayışı üçün bütün zəruri imkanlar yaradılıb.

Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur: “Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.” Prezident bu məqama da diqqət yönəltdi ki, sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilir. Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan  tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihə istifadəyə veriləcək. Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq.

Zəngilan rayonunun timsalında digər işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaranır.

Bu mühüm qürurverici hadisəni də qeyd edək ki, artıq dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən şəhərlərimizin işğaldan azad edildikləri tarixlər şəhər günləri kimi təsis edilib. Bu gün, oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür.

Dövlət başçısı İlham Əliyevin ötən dövr ərzində Cəbrayıl rayonuna reallaşdırdığı 7 səfər  çərçivəsində görülən işlərin qısa xronologiyasını təqdim etməklə gələcək barədə aydın təsəvvür yaratmaq mümkündür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq.

Görülən və görüləcək işlərin hamısını sadalamaq mümkün deyil, miqyası genişdir. Böyük Qayıdış üçün bütün zəruru addımlar atılır. Onu da qeyd edək ki, Böyük Qayıdışın başlanğıcı Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayıb. Belə ki, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu gün digər ərazilərimiz kimi, Cəbrayıl da həyatının yeni mərhələsini yaşayır. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqların malik olduğu imkanlardan səmərəli istifadə ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına böyük töhfə olacaq.