YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçim Ermənistanındır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Sentyabrın 29-da Zəngilan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etməklə bir daha dünyanın diqqətini işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinə yönəltdi. 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 nümayəndənin qatıldığı Forumun açılışında çıxış edən dövlət başçısı İlham Əliyev diqqəti Böyük Qayıdış Proqramının uğurlu icrasına, Azərbaycanın bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyi səylərə, atdığı addımlara yönəltdi. “Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, digər bir element infrastrukturdur.

Cənab İlham Əliyev Zəngilana səfəri zamanı 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdi. Növbəti altı ay ərzində onun imkanlarının 40 meqavata çatdırılması hədəflənib. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.  Bu ərazilər yenidən mərkəzi şəbəkəyə qoşulur və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da  yaşıl enerji gündəliyimizə böyük töhfə olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaq. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, ilkin hesablamalara görə, potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə icra olunacaq: “Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.”

Göründüyü kimi, əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması və soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başa çatdırılmasıdır. Artıq soydaşlarımızın mərhələli şəkildə qayıdışı hər birimizdə böyük qürur hissi yaradır. Onlar bu qayıdışları ilə 30 il düşmən tapdağı altında qalan torpaqlarımıza yeni nəfəs verirlər. Qayıdışın ünvanlarının sıralanması gündən-günə artır.

Biz Cəbrayıl Şəhəri Gününü qeyd edirik.  2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğalından azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirdi, torpaq həsrətinə son qoyulacaq günün uzaqda olmadığına əminlik yaratdı. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Kmandanın rəhbərliyi ilə çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı. Tarixi ədalət və ərazi bütövlüyümüz bərpa olundu.

Azərbaycanın tarixi Zəfərimizdən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünyanı heyrətləndirdi. Zəfərimizdən sonra ilk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Cəbrayıl işğaldan ilk azad edilən şəhərdir. Dövlət başçısı İlham Əliyev ilk səfərində bu torpaqların bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi. Bu müddət ərzində Cəbrayıl rayonuna gerçəkləşdirilən səfərlərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.  Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Belə ki, “Cəbrayıla xoş gəlmisiniz” müraciətinin ardınca Müzəffər Ali Baş Komandan  bu əminliyi də ifadə etmişdir ki,  bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda, yüksək həyat şəraitlərinin təmin olunması üçün biri-birindən mühüm addımlar atılır. Görülən işlər dövlətimizin iqtisadi gücünün təqdimatıdır. Bütün imkanlar səfərbər olunaraq qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə istiqamətləndirilib. Hər yerdə ermənilərin vəhşiliklərinin, vandalizmin izlərini görürük. Torpaqlarımız tamamilə dağıdlıb, yerlə-yeksan edilib. Bu dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyevin ötən dövr ərzində Cəbrayıl rayonuna səfəri çərçivəsində görülən işlərin qısa xronologiyasını təqdim etməklə rayonun gələcəyi barədə aydın təsəvvür yaratmaq mümkündür.

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi ki, Azərbaycan sülh, işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək, soydaşlarımızı vətəninə qaytarmaq istəyir. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.