YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıq nümunəsi

Anar Məmmədov

Milli Məclisin deputatı

Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. İki ölkə bir sıra sahələr üzrə fəal əməkdaşlıq edir. Eyni zamanda, bir çox önəmli layihələr həyata keçirilir ki, bunlar təkcə bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfəri iki qonşu və dost ölkənin münasibətlərinin inkişafında yeni təkan oldu. Səfər  çərçivəsində Gürcüstan və Azərbaycan rəhbərləri mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxunaraq önəmli mesajlar verdilər. Azərbaycan liderinin Gürcüstanda xüsusi rəğbətlə qarşılanması rəsmi Tbilisinin ölkəmizlə əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi. Səfər zamanı münasibətlərin hazırkı durumu dəyərləndirilirdi, iqtisadiyyat, enerji, nəqliyyat məsələləri, yeni layihələr, bir sözlə, perspektivlər müzakirə edildi. Ümumilikdə, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 

Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – «Firavanlığın memarı» adlı fotosərgi ilə tanış oldular. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında dövlət başçımız  bəyan etdi ki, Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı.

İki ölkənin  münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, Ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Ümumiyyətlə, Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.  Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır.

Ölkələrimiz arasında münasibətləri tənzimləyən vacib məqamlardan biri də Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalarıdır. Hər iki ölkədə baş verən proseslər, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər əməkdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına təkan verir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış ediblər. Münasibətlərdə ən əsas məqamlardan biri də budur ki, Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyiblər. Təsadüfi deyil ki, 2020-ci ilin sentyabr-noyabr aylarında da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olmuşdu. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlamışdı ki, bu da əsl dostluq və səmimi qonşuluq mövqeyinin nümayişi idi.  Dövlət başçımızın da mətbuata bəyanatında qeyd etdiyi kimi,  Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.  Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün Gürcüstanı təklif etdi. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd etdi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

Məhz bu amil belə deməyə əsas verir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaranacaq.  Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.