YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzun əsrlərə söykənən tarixi bağlılıq

“Azərbaycanla Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də  Gürcüstana işgüzar səfəri də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin göstəricisidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında gerçəkləşən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanına rəhbərlik etmiş Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı bu amili xüsusi vurğulayıb. Hər iki ölkənin lideri mətbuata bəyanat zamanı iqtisadi-ticari layihələrlə yanaşı Cənubi Qafqazda sülh və əməkdaşlığın önəmini xüsusi vurğulayıblar. Bu baxımdan, bölgənin problemlərinin məhz bu regionda yaşayan ölkələr tərəfindən həll edilməsi çox önəmlidir. Dövlətimizin başçısı Gürcüstana səfəri zamanı mətbuata bəyanatında bildirib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Cənubi Qafqazda sülhün əldə olunması Gürcüstan üçün də vacibdir. Bunu rəsmi Tbilisi dəfələrlə bildirib. Bu dəfə də analoji razılıq ifadə olundu. Hər iki ölkənin lideri çıxışlarında dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər.  Gürcustanın baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında vurğulayıb ki,  Gürcüstan hər zaman qərəzsiz mövqeyə malik olub: "Biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".

Bundan əlavə, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

İki ölkə arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam edir. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.