YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sözü imzası qədər dəyərlidir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan hər bir ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını mühüm amil kimi önə çəkmişdir. “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir” söyləyən Ulu Öndər həqiqətlərimizin təbliğində, Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında bu əlaqələrin rolunu xüsusi vurğulayırdı.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından yaşanan gərginliklər  xarici siasət sahəsində də uğursuzluqlara yol açmışdır. Ölkəmiz haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. Ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun oaraq Azərbaycan işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi. ABŞ Konqresinin ölkmizə qarşı “Azadlığı Müdafiə Aktı”na  ədalətsiz 907-ci düzəlişin tətbiqində də bu yalan təbliğat əsas rol oynadı.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ölkəmiz beynəlxalq təcriddən xilas edildi. Ölkələr aasında əlaqələrin qurulması və uğurlu inkişafı həqiqətlərimizin təbliğində öz sözünü dedi. Azərbaycan qısa müddətdə dünya birliyinin fəal üzvü kimi  diqqətdə oldu. Ümummilli Lider daim Azərbaycanın uğurlarını davamlı görmək istəyir, sözünün imzası qədər əhəmiyyətli olmasına səy göstərirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Liderin hər bir arzusu reallığa çevrilib.  

Cənab İlham Əliyevin 2003-cü ildən Heydər Əliyev yolunu uğurla davam etdirməsi ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan nüfuzunda, söz sahibliyində özünün aydın ifadəsini tapır.

15 oktyabr 2003-cü il prezident seçkilərində  xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz  cənab Heydər Əliyevə  müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan  müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Yaşasın Azərbaycan xalqının milli lideri, müasir Azərbaycanın qurucusuHeydər Əliyev! Yaşasın qəhrəman Azərbaycan xalqı! Yaşasın azad və müstəqil Azərbaycan!”

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müraciətindən 17 il sonra Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata  müsahibələrində  də bu fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum: “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri  keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Son üç ildə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, Azərbaycanın regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Ermənistana sülh müqaviləsini təhlif etməsi və bu istiqamətdə addımlar atması diqqətdən kənarda qalmır. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Bütün məsələlərin ədalət,  beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çalışır. Sülh müqaviləsinin imzalanması ilə regionda yeni siyasi vəziyyət yaranacaq. Yeni əməkdaşlıq formatlarının yaradılması təmin ediləcək. Hazırda tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın sözünün imzası qədər dəyərli olması göz önündədir. Əksər dünya gücləri və beynəlxalq təşkilatlar bu məsələdə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Qalib Azərbaycan diktə edən tərəf kimi hər bir məsələdə beynəlxalq hüququn əsas prinsiplərini özündə ehtiva edən   təkliflərini diqqətə çatdırır. Bütün bu uğurlarımız Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə  əsaslanır.