YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici siyasəti çoxşaxəlidir, beynəlxalq hüquqa əsaslanır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ən əsası ölkəmizin uğurları beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Bu kimi tədbirlər həqiqətlərimizin, xüsusilə tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir. Ümummilli Lider münaqişənin həllində 3 vacib amili önə çəkmişdir: Dövlətin qətiyyəti, xalqın  iradəsi, beynəlxalq dəstək.

Dövlətimiz ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Ümummilli Lider bildirmişdir:  “Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi - bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır.”  

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərsiz çıxarılmasının vacibliyi qeyd olunsa da Azərbaycan onların icrasını 27 il gözlədi. Dövlət başçısı hər zaman çıxışlarında bu reallığı diqqətə çatdırır ki, bəzi ölkələr üçün bu qətnamələr 1-2 ssat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 27 il gözlədik.

Bu, təbii ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin nəticəsi idi.  Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun artmasını, əsl söz sahibinə çevrilməsini şərtləndirdi.  Dövlət başçısı İlham Əliyev ötən dövr ərzində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi uğurlardan bəhs edərkən bildirir ki, bu gün ölkəmizin xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.

İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın unkişafı üçün bunlar zəruridir” suala cavabında bildirmişdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycaın  iqtisadiyyatı  möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq.

Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsində enerji sektorunda qazanılan uğurların rolunu nəzərə alsaq bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Ölkəmizin bu sektorda qazandığı uğurlar onun etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabr ayının son günü isə TAP istifadəyə verildi. Beləlklə, Cənub Qaz Dəhlizi layihəsi tam şəkildə icrasını başa çatdırdı.    

Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu gün Azərbaycanın müxtəlif istiqamətləri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də artan nüfuzundan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə ölkəmizlə bağlı həqiqətlərin təbliği üçün bu və ya digər xarici ölkələrə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan ev sahibliyi etdiyi tədbirlər sayəsində bu istəyini gerçəkləşdirir. Ölkə Prezidenti  çıxışlarında bütün dövrlər üçün aktuallığını saxlayan başqa dövlətlərin daxili işinə müdaxilə məsələsinin yolverilməz olduğuna diqqət yetirir və bu çağırışı edir ki,  əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır- həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Bu reallıqlar beynəlxalq hüquq normalarına riayət edilməsinə çağırışlar edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır. 30 illik işğal dövründə Ermənistan havadarlarının dəstəyi ilə danışıqlara imitasiya naminə qatılsa da Azərbaycan münaqişənin ədalət və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə inamını itirmirdi. Bu gün də Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün müxtəlif bəhanələrə əl atır, hərbi təxribtlar törədir. Dövlət başçısı İlham Əliyev sülh müqaviləsi imzalandığı təqdirdə regionda yeni siyasi vəziyyətin yaranacağını bildirir.

Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi “Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurur.

Qısa təhlil onu deməyə əsas verir ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir, beynəlxalq hüquqa söykənir. Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat nəticəsində davamlı diplomatik uğurlarımız ədalətin zəfər çalmasında öz sözünü deyir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində qələbəsi bunun təsdiqidir.