YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin ən əlamətdar və mühüm hadisələrindən biri

“20 il öncə - 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi müasir Azərbaycan tarixinin ən əlamətdar, mühüm hadisələrindən biridir. Bu seçimlə Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna səs vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılıb.  Məhz Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram, habelə layihələrdə real əksini tapıb. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Bütövlükdə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib.

Cənab Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə  qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi hazırda əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tezliklə reallaşacağını deməyə əsas verir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Bir sözlə,  Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.