YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin siyasi kursunun uğurlu davamı

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 ili tamam olur. Hər bir əlamətdar tarix, ölkəmizin, xalqımızın həyatında dönüş nöqtəsi kimi qeyd edilən gün Azərbaycanın hər bir sahədə qazandığı uğurların təhlilini bir zərurətə çevirir.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Ümummilli Liderin siyasi kursunun uğurlu davamı başlamışdı.

Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Dünyaya səs salan, qardaşlıq, dostluq nümunəsi kimi önə çəkilən Azərbaycan-Türkiyə birliyindən bəhs edəcəyik. “Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir və düşünürəm ki, indiki zamanda bu əlaqələr ən ən yüksək zirvədədir. Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost qardaş və müttəfiq Azərbaycandır” söyləyən dövlət başçısı İlham Əliyev iki qardaş ölkənin dostluğunun zəngin tarixə malik olduğunu açıqlayır. Dövlət başçısının bu fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, Türkiyə ilə Azərbaycan tək ürəkdir.

İki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salan bu kimi fikirlər saysız-hesabsızdır. Bu əlamətdar gün ərəfəsində Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu inkişafından bəhs etmək qürurvericidir. Əlaqələrimizdən danışarkən Böyük öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün aforizmə çevrilən, iki ölkənin qardaşlıq münasibətlərinin gələcəyinə işıq salan bu fikirlərini qeyd etməmək mümkünsüzdür. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Mustafa Kamal Atatürk isə qeyd etmişdir ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri yalnız onların deyil, əksər ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə töhfələr verir. Regional çərçivədə başlayan əməkdaşlıq artıq beynəlxalq miqyas alıb.

Bu gün Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən ilk olaraq göz önunə 44 günlük İkinci Qarabağ müharibəsində qardaş ölkənin dəstəyi gəlir. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin mövcud olduğu 30 ildə ərazi bütövlüyümüzün tanınması, torpaqlarımızın işğaldan azad olunması üçün qardaşlıq dəstəyini əsirgəməyən Türkiyə İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanın yanında oldu, siyasi, mənəvi dəstək göstərdi. Silahlı Qüvvələrimizin peşəkarlığı, yüksək milli ruhu hesabına qazanılan Zəfərimizin məntiqi nəticəsi olan Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Azərbaycan xalqının illərdən bəri davam edən torpaq həsrətinə son qoyuldu. Dəmir yumruğun qüdrəti, xalqımızın birliyi, Qələbə əzmi ilə xalqımıza tarixi Zəfər sevincini yaşadan Siahlı Qüvvələrimiz xilaskarlıq missiyalarını yerinə yetirərək, bütün dünyaya gücümüzü göstərdi, ədalət dərsi verildi, ikili standartların yaratdığı mənfur düşüncələri dağıtdı.

2020-ci ilin dekabrın 10-də paytaxtımızda keçirilən Zəfər paradının xalqımız üçün əhəmiyyətini “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi” sözləri ilə bildirən Prezident İlham Əliyev üçün ən böyük qürur tribunada qoşa dayandığı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bu möhtəşəmliyi izləmək idi.

Azərbaycanın hərbi, diplomatiya sahələrində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin qətiyyətini “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir” söyləməklə Azərbaycanın Zəfərini türk birliyinin əzəməti, dönməzliyi kimi səciyyələndirən Rəcəb Tayyib Ərdoğan bu şanlı tarixin birlikdə qeyd olunmasını türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün və Ulu Öndər Heydər Əliyevin arzularının gerçəkləşməsi kimi dəyərləndirdi. Türkiyə ilə Azərbaycanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında da birgə iştirak edəcəklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğanla azərbaycanlı həmkarı İlham Əliyevin Şuşada birgə imzaladıqları Müttəfiqlik Bəyannaməsi Böyük Qayıdışa ünvanlanan bu yola bələdçilik edir. Bəyannamədə əksini tapan müddəaları qardaşlığın, birgə fəaliyyət prinsipinin yol xəritəsi də adlandırmaq olar. Siyasi, iqtisadi-ticari, mədəniyyət, təhsil, idman, gənclər siyasəti ilə bağlı bütün məsələlərin həllində birgə səylərin əhəmiyyətinin əks olunduğu sənəddə göstərilən perspektivlər iki qadaş ölkənin iş birliyi ilə həyata keçirilir.

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqləyən xeyli sayda faktlar sadalaya bilərik. Təkcə son üç ildə iki dost ölkənin liderlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Türkiyə Prezidentinin bəyan etdiyi kimi, atılacaq imzalar çox olacaq.

Əlaqələrin hazırkı inkişaf səviyyəsi Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”, həmçinin “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir” fikirlərini xüsusi qeyd etmək istərdik.

Qeyd etdiyimiz kimi, bu əlamətdar gündə Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrinin dünəninə, bu gününə və perspektivlərinə nəzər salmaq qardaşlığımızın, dostluğumuzun, birliyimizin, tək ürək, hər bir anda biri-birimizin yanında  olmağımızın nümayişidir.