YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız möhkəmlənir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə aparır. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Təsadüfi deyil ki, möhtərəm prezidentimizin apardığı xarici siyasətin prioriteti kimi, dünya dövlətləri ilə Azərbaycan Respublikasının əlaqələrinin qurulması zamanı əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verilir. Elə Azərbaycan Respublikası ilə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan dövlətlər arasında da siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi dövlətimizin xarici siyasət kursuna uyğundur və bu təşkilatın iştirakçı-dövlətləri arasında dialoq müstəvisi kimi saxlanılmasına önəm verilir.

Məlum olduğu kimi, 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmiş birliyə Azərbaycan 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasının qərarı ilə qəbul olunmuşdur.

Birliyə gec qoşulsa da Azərbaycanın burda da bütün beynəlxalq təşkilat və təsisatlarda olduğu kimi öz fikri, öz dəsti-xətti olmuşdur. Təsadüfi deyil ki, MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır. Bundan başqa, MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın MDB-yə daxil olması dövlətimizin milli maraqlarının qorunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın razılığı olmadan birlik heç bir ciddi sənəd qəbul edə bilməmişdir və bu da Ermənistanın müəyyən planlarını pozmuşdur. Azərbaycan MDB-nin bir çox sənədlərinə mövcud münaqişə əsas götürülərək veto qoya bilmişdi. Məsələn, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmiz müstəqil mövqe nümayış etdirmişdir.

Bununla belə, Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən istifadə etməklə ölkəmizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına önəm verir. Belə ki, 13 oktyabr 2023-cü il tarixində Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcminin təxminən 30 faiz artdığını, bu il isə artımın artıq 20 faizdən də çox olduğunu bildirmişdi. Elə bu baxımdan hesab etmək olar ki, sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.