YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti Qələbənin təntənəsi

15 oktyabr 2023-cü il -müasir tariximizə qızıl hərflərlə yazılan gün

“Azərbaycan Prezidenti İlham Əlyevin dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə müstəqil ölkəmiz zirvələrdən-zirvələrə yüksəlib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bu ilin 19-20 sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa edilib. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Belə ki, 1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi.  

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir.

Pərvin Kərimzadə xatırladıb ki, 44 günlük Vətən müharibəsi 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə sona çatanda bəziləri “Niyə Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd alınmadı?” deyə sual edirdilər. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa etdiyi müraciətdə bu məqama toxunub: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”. Əlbəttə, son üç il ərzində baş verən hadisələr dövlət başçısının nə qədər uzaqgörən siyasətçi və strateq olduğunu bir daha təsdiqlədi. Oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına faktiki olaraq son verildi və onun “liderləri”ə layiq olduqları yerin istintaq təcridxanası olduğu xatırladıldı. Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə güclü mesaj idi ki, Azərbaycan hər nə bahasına olur-olsun öz ərazilərindən əsla vaz keçməyəcək və bu cür fəaliyyətlər gec-tez ən rəzil məğlubiyyətlə üzləşəcəklər.

Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciəti zamanı “Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”-deyə vurğulayıb. Beləliklə, bu tarixi zəfər  müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən yüksək zirvəsini təşkil edir. Bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürurla qeyd olunur. Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqı bu qələbə ilə qürur duyur və gələcək nəsillər də tarixi Zəfərimizlə hər zaman fəxr edəcəklər. Eyni zamanda, keçmiş məcburi köçkünlərimizin də yurd həsrətinə son qoyuldu. Tezliklə, onlar da böyük ayıdış nəticəsində doğma torpaqlarına qovuşacaqlar.