YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü siyasətin məntiqi nəticəsi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxışında qeyd etdiyi kimi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.”

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. 1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunu göstərir.

Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə  Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı  xidmətlərinin göstəricisidir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmışdır.