YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın ləyaqəti bərpa olundu

“15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti çox mühüm tarixi məsələləri özündə ehtiva edir.  Oktyabrın 15  Xankəndi şəhərinin mərkəzi meydanında Cənab Prezident tərəfindən Bayrağımızın qaldırılması xalqımızın istək və arzularının ən bariz nümunəsi idi.” Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev söyləyib.

A.Əliyev qeyd edib ki,  xalqımız hər gün, hər saat öz müqəddəs məqsədinə  doğru gedirdi: “20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan cənab İlham Əliyev qarşına bir vəzifə qoymuşdur ki, bayrağımız o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu kontekstdə ötən 20 il ərzində Azərbaycan gücləndi, dövlətimiz dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Bir çox hallarda artıq Azərbaycan önəmli təşəbbüslərin müəllifi kimi çıxş edir. Eyni zamanda ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Ölkənin güclü iqtisadi əsasları formalaşdı. Bu müddət ərzində ölkə iqtisadiyyatı dörd dəfədən çox artıb ki, bu da əsl müstəqilliyə nail olmaq üçün olduqca vacib amildir. Güclü iqtisadiyyatın və ordunun olması dövlətin gücünün göstəricisi hesab edilir. Bütün bu uğurların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. Bunu Ordumuz döyüş meydanında sübut etdi. Üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Eyni zamanda, keçən ay cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Ordumuzun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz siyasət nəticəsində bu gün Xankəndidə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır. Bu Qələbə xalqımızın, dövlətimizin tarixində əbədi qalacaq. Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcək. Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yüz il bundan əvvəl – 1923-cü ildə yaradılmasının mahiyyətindən bəhs edib. Xalqımız heç vaxt Ermənistanın ərazilərimizi işğalda saxlaması faktı ilə barışmayıb. Bütün məkirli qüvvələr Ermənistanın arxasında olsa da xalqımız qələbəyə olan ümidini heç vaxt itirməyib. Fakt odur ki, bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib. Otuz il ərzində xalqımız böyük faciələrlə üz-üzə qaldı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyini görür, dərk edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan hər zaman müxtəlif xalqların dostluq, mehribanlıq şəraitində yaşadığı bir məkan olub. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayırdı.

Müzəffər Ali Baş Komandan, Prezidentin vurğuladığı kimi cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımızın yaddaşında faciəvi, böhranlı, utancverici illər kimi qaldı. Bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdı. AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz erməni işğal altına düşdü. Amma bu ağrılı günlərdə də Azərbaycanın dövlət müstəqilliyini qoruyan Dahi Lider Heydər Əliyev oldu. Ümummmilli lider Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi. Bu gün vaxtilə xalqımıza qarşı amansızlıq etmiş, hərbi cinayətlər törətmiş canilər ədalət mühakiməsi qarşısındadır. Vaxtilə qondarma respublikanın rəhbərliyində olanların bəziləri indi Bakıda qanun qarşısında cavab verir. Bütün bunların fonunda Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu.”