YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq yol Zəngəzuradır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan xalqı 3 ildən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın ucaldılmasının qürurunu yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Ordumuzla fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir: “Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi.”

44 günlük İkinci Qarabağ müharibəsində dünya hər tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu nəyə qadir olduğunu, ən əsası Vətən, torpaq sevgisini nümayiş etdirdi. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə  Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.  Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə,  Laçın şəhərinə, Füzuliyə  məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndindən bu çağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlət başçısı İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin görüşdə də tarixi Zəfərimizə gedən yoldan və yaratdığı reallıqlardan geniş bəhs olundu. Əsas diqqət göstərilən məsələlərdən biri də bu torpaqlara qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsidir. Cənab İlham Əliyev bildirdi ki, bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir.  Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun: “Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır.”

Göğründüyü kimi, bütün addımlar torpaqlarımızın müasir tələblər səviyyəsində yenidən qurulmasına və soydaşlarımızın burada yüksək şəraitdə yaşayışına xidmət edir. Cənab İlham Əliyevin Füzuli sakinləri ilə görüşündə qeyd etdiyi kimi, əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Bu hədəfi də açıqladı ki, Zəngəzura da qayıdacağıq: “Amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.”